Bəxtiyar Əliyev: Təhsil sisteminin təkmilləşdirilməsi zamanın tələbidir
Bakı, 2 noyabr, AZƏRTAC
“Ali təhsil haqqında” Qanunla bağlı yeni layihə işçi qrupu tərəfindən işlənib hazırlanıb. Bu layihə dövlətimizin təhsil sahəsində keçirdiyi islahatların məğzinə tam uyğundur. Bu sənəd Azərbaycanda təhsilin rəqabətədavamlılığının artırılması üçün nəzərdə tutulub.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev deyib.
Ölkəmizdə təhsil sahəsində həyata keçirilən islahatlardan danışan komitə sədri bildirib ki, Azərbaycan təhsilinin milli təsnifatı yenilənib.
O vurğulayıb ki, əsas vəzifə yeni reallığı, yeni vəzifələri nəzərə almaq, rəqəmsal dünyanın tələblərinə uyğunlaşma, tələb olunan peşələrə uyğunlaşdırma mühüm şərtdir. O deyib ki, hazırda peşə standartları hazırlanır.
Komitə sədri bildirib ki, yeni təhsil proqramlarının və yeni standartların hazırlanması çox vacibdir, bunun üzərində iş gedir. Standartlar və tələblər hazırlanır. Bununla bağlı müzakirələr aparılır. Təhsil sisteminin təkmilləşdirilməsi zəruridir və zamanın tələbidir.