Beynəlxalq Biznes Forumunun bir qrup iştirakçısı Sumqayıt Kimya Sənaye Parkında olub
Bakı, 17 noyabr, AZƏRTAC
Bakıda keçirilmiş 25-ci Beynəlxalq Biznes Forumunun bir qrup iştirakçısı İqtisadi Zonaların İnkişafı Agentliyinin təşkilatçılığı ilə Sumqayıt Kimya Sənaye Parkının rezidenti “STP” MMC-yə işgüzar səfər ediblər.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, 30-dan çox türk və ərəb iş adamının iştirak etdiyi səfərin məqsədi STP şirkətlər qrupunun fəaliyyət istiqamətləri ilə tanış olmaqdır. Səfər çərçivəsində iş adamları Polimer məmulatları, Elektrik avadanlıqları, Alüminium, Kabel, Sendviç panelləri zavodlarında gedən istehsal prosesi ilə tanış olublar. İş adamlarına sözügedən müəssisələrdə istehsal olunan məhsullar barədə məlumat verilib və ixrac imkanlarına dair müzakirələr aparılıb.
Eyni zamanda, iş adamları ölkədə fəaliyyət göstərən sənaye parkları, burada sahibkarlar üçün yaradılmış əlverişli şərait, tətbiq edilən vergi və gömrük güzəştləri haqqında məlumatlandırılıb və sənaye parklarında mövcud biznes mühitindən yararlanmağa dəvət edilib.