Beynəlxalq Dini Təhsil Şəbəkə Universiteti yaradılacaq
Minsk, 27 yanvar, AZƏRTAC
Fevralın 2-də Belarusun paytaxtında MDB-nin İcraiyyə Komitəsində Birliyin iştirakçı dövlətlərinin Təhsil Sahəsində Əməkdaşlıq Şurasının işçi qrupunun MDB-yə üzv dövlətlərin Beynəlxalq Dini Şəbəkə Təhsil Universiteti haqqında əsasnamə layihəsinin tamamlanmasına dair iclası keçiriləcək.
Təşkilatın Minskdəki mənzil-qərargahının mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, sənəd layihəsi şəbəkə universitetinin təşkili və fəaliyyət göstərməsi qaydalarını müəyyən edir.
Universitet MDB-nin iştirakçı dövlətlərinin dövlətlərarası birgə ali təhsil müəssisəsi olacaq və Moskva Dövlət Linqvistika Universitetinin bazasında açılacaq.
Universitet ali təhsil sahəsində əməkdaşlığın və beynəlxalq əlaqələrin möhkəmləndirilməsi, ənənəvi dinlərin və dini mədəniyyətlər tarixinin dərindən öyrənilməsi üzrə vahid konsepsiyasının hazırlanması, dünyəvi və dini təhsil müəssisələrinin qarşılıqlı əlaqələrinin koordinasiyası məqsədilə yaradılır.
Onun fəaliyyəti dini təhsilin keyfiyyətinin yüksəldilməsinə və təlimin təşkilinə, həmçinin birgə təhsil proqramlarının həyata keçirilməsi yolu ilə vahid təhsil məkanının yaradılmasına yönəldiləcək.
Universitetin əsas vəzifələrinə Birlik ölkələri üçün ənənəvi dinlərin (xristianlıq, islam, iudaizm, buddizm) konfessional-təhsil profilli “İlahiyyat”, islam tarixi və mədəniyyətinin dərindən öyrənilməsi, o cümlədən distant təhsil texnologiyalarından istifadə etməklə “Kulturologiya” istiqamətləri üzrə magistr, aspirant və doktorantların hazırlanması daxildir.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbir
Minsk