BEYNƏLXALQ EKSPERTLƏRİN İŞTİRAKI İLƏ SEÇKİ PRAKTİKASININ TƏKMİLLƏŞDİRİLMƏSİNƏDAİR SEMİNAR KEÇİRİLMİŞDİR
Prezidentin İcra Aparatının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov qeyd etmişdir ki, mühüm siyasi kampaniya ərəfəsində belə seminarlara Bakı şəhərinin və respublikanın 86 rayonunun seçki rəsmiləri və digər rəsmi şəxsləri cəlb olunmuşlar. Məqsəd ölkə prezidentinin “Azərbaycan Respublikasında seçki praktikasının təkmilləşdirilməsinə dair” 2005-ci il 11 may tarixli Sərəncamının icrası və ondan irəli gələn vəzifələrin müzakirə edilməsidir. Ölkə başçısının bu sərəncamında Azərbaycan hökumətinin şəffaf seçki keçirmək iradəsi ortaya qoyulmuşdur.
Natiq vurğulamışdır ki, Seçki Məcəlləsi Avropa Şurası ekspertlərinin iştirakı ilə yenidən işlənmiş və qəbul olunmuşdur. Lakin, görünür, seçkiləri tam demokratik keçirmək üçün təkcə məcəllə kifayət deyildir. Bu məcəlləni həyata keçirəcək insanların, xüsusilə icra strukturları nümayəndələrinin iradəsi də səfərbərliyə alınmalıdır.
Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Bəxtiyar Fərəcbəyli məlumat vermişdir ki, paytaxtda səsvermə hüququna malik 1 milyon 107 min 664 nəfər seçici vardır. Onlar 36 seçki dairəsindən 2 min 63 nəfər namizədə səs verəcəklər. Şəhər və rayon icra hakimiyyətləri adı çəkilən sərəncamın tələblərinə uyğun olaraq, öz səlahiyyətləri çərçivəsində lazım olan işləri görmüş və görürlər. Namizədlərin seçkiqabağı təşviqat kampaniyasına heç bir müdaxilə olunmur. Siyasi mənsubiyyətindən asılı olmayaraq, onların hamısına bərabər şərait yaradılmış, platformaları üçün şəhərin müxtəlif yerlərində 1000-ə yaxın lövhə vurulmuşdur.
İFES-in Bakı nümayəndəliyinin rəhbəri, seçki məsələləri üzrə baş məsləhətçisi Kristofer Şildz “Azərbaycan rəsmiləri seçki standartlarını necə görür” sualına cavab almaq üçün seminar iştirakçılarını beynəlxalq seçki standartları, seçkilərlə bağlı prezident sərəncamı, seçki komissiyalarından olmayan rəsmilərin rolu, seçki komissiyalarının müstəqilliyi, Seçki Məcəlləsinin rolu, exit-poll mövzuları üzrə fikir mübadiləsinə cəlb etmişdir.
Bu mövzularla bağlı beynəlxalq təcrübə barədə məlumatlar maraqla dinlənilmişdir.
Ali Məhkəmənin idarə rəisi Elxan Kazımov, DİN-in bölmə rəisi Çingiz Əsədov, Ədliyyə Nazirliyi idarə rəisinin müavini Sübhi Kazımov seçki prosesinin təşkilində hüquq-mühafizə orqanlarının rolu və seçki saxtakarlıqlarına görə məsuliyyət məsələsinə aydınlıq gətirmişlər.
Seminar iştirakçıları qruplarda müzakirələrə və təqdimatlara cəlb olunmuş, Mərkəzi Seçki Komissiyasının nümayəndəsi Elşad İsmayılovun “Seçki prosesinin təşkili sahəsində dairə və məntəqə seçki komissiyalarının qarşısında duran vəzifələr” mövzusunda məruzəsini dinləmişlər.