ELM VƏ TƏHSİL
BEYNƏLXALQ ELMİ SİMPOZİUM
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Qafqaz Universiteti dekabrın 12-də Bakıda “Azərbaycan bələdiyyələri: dünən, bu gün, sabah” mövzusunda beynəlxalq elmi simposium keçirmişlər.
Simpozium respublikadakı bələdiyyələrin təşəkkülü və perspektivləri məsələlərinə həsr edilmişdir.
Akademiyanın birinci prorektoru, professor Əlikram Abdullayev bələdiyyələrin fəaliyyətindən, dövlətimizin başçısı Heydər Əliyevin bələdiyyələrə göstərdiyi böyük qayğıdan, dünya təcrübəsindən istifadə etməklə mükəmməl metodik təlim sistemi yaradılması üçün akademiyada görülən işlərdən, bu sahədə əldə olunmuş uğurlardan danışdı.
Sonra Qafqaz Universitetinin rektoru, professor Erol Oral, İstanbulun Tuzla bələdiyyəsinin başçısı İdris Güllücə, iqtisad elmləri doktoru, professor Əbülfəz Qasımov, Qafqaz Universitetinin kafedra müdiri, doktor Əyyub Zəngin, akademiyanın kafedra müdiri, dosent Eldar Azadov, Səbail rayon bələdiyyəsinin sədri Əhməd Hüseynov və başqaları da çıxış etdilər.
Natiqlər dinləyicilərin diqqətini yerli özünüidarə sahəsində beynəlxalq təcrübəni öyrənməyin zəruriliyinə cəlb etdilər, bələdiyyələr üçün ixtisaslı kadrlar hazırlanması kimi mühüm məsələyə, habelə bu sahədə kifayət qədər təcrübə toplamış və respublikamıza məsləhət və informasiya cəhətdən lazımi kömək göstərə bilən ölkələrlə mütəxəssis mübadiləsi məsələsinə toxundular.
Çıxışlardan sonra müzakirələr oldu.