Beynəlxalq festivalda azərbaycanlı tələbələrin hazırladığı “Xalq oyunları” tamaşası maraqla qarşılanıb
Bakı, 11 may, AZƏRTAC
Azərbaycan Texniki Universitetinin (AzTU) nümayəndələri Türkiyənin Manisa Universitetinin rəhbərliyinin dəvəti ilə 26-cı “Elm və Bahar Şənliyi” çərçivəsində keçirilən beynəlxalq tələbə festivalı və tələbə qrupları konsertinə qatılıblar.
AzTU-dan AZƏRTAC-a bildirilib ki, dünyanın müxtəlif ölkələrindən olan tələbələr stendlərdə öz milli adət-ənənələrini təqdim ediblər. Eyni zamanda, festivalda idman yarışları keçirilib, rəqs və mahnılar ifa olunub.
Manisa Universitetinin tələbələri arasında çoxluq təşkil edən azərbaycanlı tələbələr festivalda yüksək fəallıq göstəriblər. Universitetin “Azərbaycanlı tələbələr təmsilçiliyi”nin hazırladığı “Xalq oyunları” tamaşası festival iştirakçılarının böyük marağına səbəb olub.
Festival çərçivəsində AzTU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, professor Sübhan Namazov, elektrotexnika və elektrik avadanlığı kafedrasının müdiri, dosent Hikmət Əliyev Manisa Universitetində təhsil alan xarici tələbələrin hazırladığı stendlərlə tanış olublar.