İDMAN
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası ən məhsuldar oyunçularının yeni siyahısını açıqlamışdır
Bakı, 30 aprel (AZƏRTAC). Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2012-ci ildə keçirilən qarşılaşmaların ən məhsuldar oyunçularının yeni siyahısını açıqlamışdır.
AZƏRTAC xəbər verir ki, milli komandaların görüşlərində və qitə kuboklarında ən azı 4 qol vuran futbolçuların cədvəlində 47 bombardir qərarlaşmışdır. Bunların 22-si sonuncu dəfə 1 ay əvvəl açıqlanan siyahıya yeni daxil olmuşdur.
Siyahıya qol sayını 11-ə çatdıran Lionel Messi başçılıq edir. Argentina yığmasında 3, İspaniya “Barselona”sında 8 qol vuran hücumçu ən yaxın izləyicisi Klaas Yan Huntelaarla fərqi 2-yə çatdırmışdır.
Almaniya “Şalke”sində 8, Hollandiya yığmasında 1 qol vuran Y.Huntelaarın hesabında 9 top vardır.
Madrid “Atletiko”su ilə Avropa Liqasında 7, Kolumbiya millisində 1 dəfə fərqlənən Radamel Falkao isə 3-cü pilləyə sahib olmuşdur.
Siyahıda Azərbaycan təmsilçiləri yer almamışlar. Çünki ən məhsuldar futbolçumuz olan Mahir Şükürov 4-dən az - cəmi 2 dəfə fərqlənmişdir. O, milli komandanın Dubay toplanışındakı yoxlama görüşlərində buna nail olmuşdur.
Qeyd edək ki, İFFHS texniki səhvə yol verərək, 1 ay əvvəl
M. Şükürovu 4 qolla siyahıya daxil etmişdi. Lakin artıq həmin xətanı aradan qaldıran beynəlxalq qurum futbolçumuzun adını siyahıdan çıxarmışdır.