BEYNƏLXALQ HÜQUQ ƏMƏKDAŞLIĞI GENİŞLƏNİR
Həmin layihənin ölkəmizdə səfərdə olan direktoru Bernard Menyunun başçılıq etdiyi nümayəndə heyəti ədliyyə naziri Fikrət Məmmədovla görüşmüşdür.
Azərbaycanda məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə əsaslı islahatlar aparıldığını vurğulayan nazir, qanunvericilikdə ciddi dəyişikliklər edildiyini, dövlətimizin başçısının məhkəmə sisteminin müasirləşdirilməsi ilə bağlı 2006-cı il yanvarın 19-da mühüm Fərman imzaladığını diqqətə çatdırmışdır. Nazir, eyni zamanda, ədalət mühakiməsinin səmərəliliyinin artırılmasında məhkəmə qərarlarının vaxtında və düzgün icrasının təmin edilməsinə lazımi önəm verilərək, icra işinin yaxşılaşdırılması üzrə görülən ardıcıl və məqsədyönlü tədbirlər barədə söhbət açmış, Avropa İttifaqının TACİS layihəsi çərçivəsində bu sahədə həyata keçirilən əməkdaşlığın əhəmiyyətini qeyd etmişdir.
Azərbaycanın məhkəmə və hüquq sistemində dəyişikliklərin mütərəqqi xarakter daşıdığını məmnunluqla vurğulayan Bernard Menyu, məhkəmə qərarlarının icrası kimi mühüm fəaliyyətə xüsusi diqqət yetirilməsinin və bu zaman beynəlxalq təcrübədən faydalanmanın bütövlükdə islahatlara müsbət təsir göstərdiyini qeyd etmiş və layihə üzrə son bir ildə görülmüş işlərdən, nəzərdə tutulan tədbirlərdən danışmışdır.
Görüşdə məhkəmə icraçıları üçün Fransa Məhkəmə İcraçıları Məktəbində tədris kurslarının təşkili, həmçinin hakimlər üçün bu istiqamətdə tədris tədbirlərinin keçirilməsi, bu xidmətin kompüterləşdirilməsinə yardım göstərilməsi, icra qanunvericiliyinin təkmilləşdirilməsi, bu sahədə beynəlxalq əməkdaşlığın genişləndirilməsi, görülən tədbirlərin səmərəsini artırmaq üçün birgə işçi qrupunun yaradılması ilə bağlı məsələlər müzakirə edilmiş, konkret tədbirlərə dair razılığa gəlinmişdir.
Eyni zamanda, nazir hazırda vakant hakim vəzifələrinə namizədlərin ən demokratik qaydalar əsasında seçiminin aparıldığını diqqətə çatdıraraq, hakimliyə namizədlər üçün ölkəmizdə ilk dəfə təşkil ediləcək uzunmüddətli ilkin tədris kurslarında bu aktual mövzu üzrə beynəlxalq mütəxəssislərin mühazirələrinin əhəmiyyətini qeyd etmişdir. Qonaq bu mütərəqqi tədbir haqqında məlumatlı olduğunu bildirərək, hakimliyə namizədlərlə tədris kursuna Avropa ölkələrinin təcrübəli hakimlərini cəlb etməyə hazır olduğunu vurğulamışdır.
Görüşdə ədliyyə nazirinin müavini Vilayət Zahirov, məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları idarəsinin rəisi, baş məhkəmə məmuru Hüseyn Əlixanov iştirak etmişlər.