BEYNƏLXALQ HÜQUQ ƏMƏKDAŞLIĞI GENİŞLƏNİR
Almaniya Federativ Respublikası Bremen əyalətinin valisi H.Şerfin dəvətinə, Azərbaycan və AFR hökumətləri arasında bağlanmış “Texniki əməkdaşlıq haqqında” sazişə əsasən ölkəmizlə sıx əlaqələri olan Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin (ÇTZ) xətti ilə təşkil edilən tədbirlərdə iştirak etmək məqsədi ilə Azərbaycan Respublikasının ədliyyə naziri Fikrət Məmmədovun başçılıq etdiyi nümayəndə heyəti bu ölkədə rəsmi səfərdə olmuşdur.
Səfər zamanı ölkəmizin hüquqi əməkdaşlığının möhkəmləndirilməsinə, ədliyyə sahəsində əlaqələrin genişlənməsinə xidmət edən bir sıra əhəmiyyətli görüşlər keçirilmiş, o cümlədən əyalətin valisi, ədliyyə naziri, Ali məhkəmə sədri və baş prokurorla faydalı görüşlər keçirilmişdir. Azərbaycan nümayəndə heyəti müxtəlif instansiya məhkəmələrinin işi ilə tanış olmuş, məhkəmə proseslərində iştirak etmiş, penitensiar müəssisələrə baş çəkərək məhkumların saxlanılması şəraiti ilə maraqlanmış, təcrübə mübadiləsi aparmışdır. Səfər zamanı əməkdaşlıq üzrə konkret tədbirlər barədə razılıq əldə olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyevin sahibkarlığın inkişafına dövlət himayəsi ilə bağlı fərmanlarından irəli gələn vəzifələrlə əlaqədar hüquqi şəxslərin dövlət qeydiyyatının və daşınmaz əmlakın dövlət reyestrinin aparılması təcrübəsi yaxından öyrənilmiş, geniş fikir mübadiləsi aparılmışdır.
Almaniya Federal Ədliyyə Nazirliyinin rəhbərliyi ilə keçirilən görüşdə ölkəmizdə aparılan mütərəqqi islahatlar, o cümlədən məhkəmə-hüquq islahatı barədə ətraflı məlumat verilmiş, dövlətlərimiz arasında hüquqi sahədə əlaqələrin genişlənməsi üçün hərtərəfli şərait olduğu qeyd edilmişdir. Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan ərazisinin 20 faizinin işğal edilməsi, 1 milyonadək əhalimizin qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi Federal Ədliyyə Nazirliyi rəhbərlərinin nəzərinə çatdırılmışdır.
Görüşdə Azərbaycanda həyata keçirilən demokratik proseslər və islahatlar məmnuniyyətlə vurğulanmış, işgüzar əməkdaşlığın hər iki tərəf üçün əhəmiyyətli olduğu bildirilmiş, ədliyyə orqanları arasında əlaqələrin genişləndirilməsi, təcrübə və informasiya mübadiləsi, habelə qarşılıqlı maraq doğuran digər konkret məsələlər üzrə səmərəli müzakirələr aparılmışdır.
Almaniyanın İqtisadi Əməkdaşlıq və İnkişaf Məsələləri Nazirliyinin, Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin rəhbərliyi ilə görüşlər keçirilmiş, qarşılıqlı əlaqələrin daha da inkişaf etdirilməsi perspektivləri müzakirə olunmuşdur.
Azərbaycan nümayəndə heyəti səfər çərçivəsində Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin təşkil etdiyi inzibati ədliyyəyə həsr olunmuş regional konfransın açılışında iştirak etmiş, Respublikamızın ədliyyə naziri Fikrət Məmmədov və Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev tədbirdə çıxış edərək dövlət başçımızın rəhbərliyi ilə ölkəmizdə qısa müddət ərzində əldə olunmuş nailiyyətlər və hüquq sistemimizin daha da təkmilləşdirilməsi üzrə görülən tədbirlər barədə məlumat vermişlər.
Nümayəndə heyətimizin Almaniyaya s
əfəri, bu ölkə ilə hüquqi əməkdaşlıq sahəsində işgüzar münasibətlər və faydalı danışıqlar ölkəmizin hüquqi sahədə beynəlxalq əlaqələrinin daha da genişlənməsinə və səmərəliliyinin artmasına xidmət etmişdir.