Beynəlxalq konfransda Rusiyada, Belarusda və Azərbaycanda rəqəmsal vəkilliyin vəziyyəti müzakirə edilib
Bakı, 19 may, AZƏRTAC
Rusiya Federal Vəkillər Palatasının təşəbbüsü ilə Azərbaycan, Belarus və Rusiya vəkillər assosiasiyalarının təmsilçilərinin iştirakı ilə hər üç ölkədə rəqəmsal vəkilliklə bağlı onlayn beynəlxalq elmi-təcrübi konfrans keçirilib.
Azərbaycan Respublikası Vəkillər Kollegiyasından AZƏRTAC-a bildiriblər ki, “Azərbaycan, Belarus respublikaları və Rusiya Federasiyasında vəkilliyin rəqəmsal ekosisteminin formalaşdırılması” mövzusunda konfransda Rusiya Federal Vəkillər Palatasının prezidenti Yuri Pilipenko, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırov və Belarus Respublikası Vəkillər Kollegiyasının sədri Viktor Çayçits çıxış edərək iştirakçı ölkələr arasında təcrübə mübadiləsi, pandemiya dövründə ədalət mühakiməsi iştirakçılarının onlayn texnologiyalardan istifadəsinin əhəmiyyətini vurğulayıblar.
Anar Bağırov son iki ildə vəkilliyin elektronlaşdırılması, elektron reyestr, vəkil qurumları ilə kollegiyanın orqanları arasında elektron əlaqələrin qurulmasının daha da asanlaşması, ölkəmizdə elektron məhkəmə portalının tətbiqi və bu zaman vəkillərin elektron imzalarından istifadə və s. məsələlərdən danışıb.
Konfransda Kollegiyanın Rəyasət Heyətinin Aparatının rəhbəri Fərhad Nəcəfov elektron vəkil kabinetinin imkanları barədə təqdimatla çıxış edib.
Daha sonra “ADA” Universitetinin informasiya-kommunikasiya texnologiyaları üzrə müəllimi Emin Ələsgərov bu yaxınlarda işıq üzü görəcək “LegalAid” tətbiqinin texniki və əməliyyat xüsusiyyətləri barədə məlumat verib, konfrans iştirakçılarının çoxsaylı suallarını cavablandırıb.
Sonra Moskva vilayətinin Vəkillər Palatasının sədr müavini Mixail Tolçeyev dövlət hesabına işlərin elektron təyinatı proqram təminatının hazırda tətbiqi barədə məlumat verib.