Beynəlxalq konqresin ilk günündə gənc kardioloqlar üçün kurslar təşkil edildi
Bakı, 15 may, AZƏRTAC
Mayın 15-də Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin təşkilatçılığı ilə xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Bakı ürək günləri” 4-cü beynəlxalq konqresi öz işinə başlayıb.
AZƏRTAC xəbər verir ki, üç gün davam edəcək konqresdə kardiologiya və ürək-damar cərrahiyyəsindəki ən mübahisəli problemlərə toxunulacaq, tibbin bu sahəsinin ən son yenilikləri müzakirə ediləcək.
Konqresin ilk günündə təşkil edilən “Maketlər üzərində femoro-popliteal bypass (bud-dizaltı şuntlama)” və “Heyvan ürəkləri üzərində koronar anastomoz” kursları xüsusilə gənc kardioloqlar üçün çox faydalı olub.
Dünyanın aparıcı kardioloq və kardiocərrahlarının dəvət olunduğu konqresdə 450-dən artıq yerli və əcnəbi mütəxəssis iştirak edir.
“Bakı ürək günləri” 4-cü beynəlxalq konqresinin rəsmi açılış mərasimi mayın 16-da “Fairmont Baku” da baş tutacaq.