Beynəlxalq Muğam Festivalı çərçivəsində “Şur” muğamı təqdim olunub
Bakı, 9 mart, X.Məmmədova, AZƏRTAC
Martın 9-da Beynəlxalq Muğam Mərkəzində “Muğam aləmi” V Beynəlxalq Muğam Festivalı çərçivəsində növbəti muğam axşamı keçirilib.
AZƏRTAC xəbər verir ki, gecədə xanəndə Qoçaq Əsgərovun ifasında “Şur” muğamı səsləndirilib.
Dəstgahlar içərisində “Şur” ən iri, ən sanballı dəstgah sayılır. Əbu-əta, dəşti, bayatı-türk kimi kiçik dəstgahlar da əslində “Şur”a mənsub muğamlardır. “Şur”un zərb muğamları da çoxdur (səmayi-şəms, ovşarı, osmanlı (maani), arasbarı və s.).
Muğam axşamında xanəndəni tarda Əli Məmmədov, kamançada Elnur Mikayılov, nağarada Əməkdar Artist Kamran Kərimov və bəm nağarada Hüsaməddin Əzizov müşayiət edib.
“Muğam aləmi” V Beynəlxalq Muğam Festivalı martın 14-dək davam edəcək.