MƏDƏNİYYƏT
Beynəlxalq Muğam Mərkəzi ilə tanışlıq qonaqlarda xoş təəssürat yaradıb
Bakı, 3 mart, AZƏRTAC
Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə iştirak etmək üçün Azərbaycanda səfərdə olan dövlət və hökumət başçılarının həyat yoldaşları Beynəlxalq Muğam Mərkəzini ziyafət ediblər.
AZƏRTAC xəbər verir ki, qonaqlara mərkəz haqqında ətraflı məlumat verilib. Bildirilib ki, Heydər Əliyev Fondunun milli mənəvi dəyərlərimizin qorunması və dünyada geniş təbliği ilə bağlı reallaşdırdığı layihələr sırasında xüsusi əhəmiyyəti olan bu Mərkəz Fondun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə inşa edilib.
Qeyd olunub ki, Prezident İlham Əliyev 2005-ci il aprelin 6-da Bakıda Beynəlxalq Muğam Mərkəzinin yaradılması haqqında Sərəncam imzalayıb. Beynəlxalq Muğam Mərkəzi ümumi sahəsi 7,5 min kvadratmetr olan üçmərtəbəli binadan ibarətdir. Binanın forması Azərbaycanın qədim musiqi alətlərindən olan tarın hissələrini xatırladır. 2008-ci ilin dekabrın 27-də istifadəyə verilən Beynəlxalq Muğam Mərkəzində 350 yerlik konsert salonu, klub, 80 nəfərlik restoran, dərs otaqları, səsyazma studiyası var.
Diqqətə çatdırılıb ki, Azərbaycan muğamının bəşər mədəniyyətinin nadir inciləri ilə bir sırada UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi İrsi üzrə Reprezentativ Siyahısına daxil edilməsi onun nə dərəcədə bənzərsiz sənət növü olduğunu bir daha təsdiqləyir.
Mərkəzlə yaxından tanış olan qonaqlar burada Azərbaycanın görkəmli muğam ifaçılarının büstlərinə baxıblar.
Sonra onlar gənc muğam ifaçılarının ifasında xalq və bəstəkar mahnılarını dinləyiblər.
Azərbaycan muğamlarından xüsusi zövq alan qonaqlar ifaçılarla görüşüb, onlara uğurlar arzulayıb və xatirə şəkli çəkdiriblər.