BEYNƏLXALQ OLİMPİYA GÜNÜ “HƏRƏKƏT ETMƏK, ÖYRƏNMƏK, KƏŞF ETMƏK” DEVİZİ ALTINDA KEÇİRİLİR
Bakı, 23 iyun (AZƏRTAC). Beynəlxalq Olimpiya günü “Hərəkət etmək, öyrənmək, kəşf etmək” devizi altında keçirilir.
Beynəlxalq Olimpiya Komitəsi (BOK) 1987-ci ildən keçirilən ənənəvi marafondan başqa, devizlə səsləşən müxtəlif tədbirlər keçirməyi də nəzərdə tutur. Bu məqsədlə tanınmış idmançılarla keçirilən görüşlər insanların Olimpiya idmanının ayrı-ayrı növləri ilə yaxından tanış olmalarına və həmin günə nəzərdə tutulmuş yarışları izləmələrinə imkan verəcəkdir.
Olimpiya günü BOK-un 1948-ci ilin yanvarında İsveçrənin Sankt-Moritse şəhərində keçirilən iclasında təsis edilmişdir. BOK-un 1894-cü il iyunun 23-də baron Pyer de Kuberten tərəfindən əsasının qoyulması da elə həmin gün qeyd edilir. O vaxtdan bəri bu gün irimiqyaslı idman bayramına çevrilmişdir.
1894-cü ilin iyununda Parisdə 23 ölkənin nümayəndələrinin iştirakı ilə bədən tərbiyəsi problemlərinə dair beynəlxalq konqres keçirilmişdir. Olimpiya hərəkatının dirçəldilməsi ideyasının müəllifi Pyer de Kuberten məruzə ilə çıxış edərək, tədbir iştirakçılarını özü tərəfindən hazırlanmış Olimpiya oyunlarının təşkilati əsasları ilə tanış etmişdir. Beynəlxalq Olimpiya Komitəsi də məhz həmin konqresdə yaradılmışdır. Pyer de Kuberten BOK-un baş katibi olmuşdur. Konqres I Olimpiya oyunlarının 1896-cı ildə Yunanıstanda keçirilməsi barədə qərar qəbul etmişdir.
Tanınmış idmançılar Olimpiya medalına sahib olmadan karyeralarını natamam sayırlar. Olimpiya çempionları hər bir ölkənin fəxridir. Olimpiya Xartiyasında yazılmışdır: “Olimpiya hərəkatı gəncləri idmanın köməyi ilə qarşılıqlı anlaşma və dostluq ruhunda tərbiyə etməklə, daha yaxşı və firavan dünyanın yaradılmasına kömək etmək məqsədi daşıyır”.
Azərbaycan müstəqil dövlət kimi 1992-ci ildən BOK-un üzvüdür, 1997-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinə İlham Əliyev başçılıq edir.