BEYNƏLXALQ QIRMIZI XAÇ KOMİTƏSİNİN PREZİDENTİ MƏCBURİ KÖÇKÜNLƏRLƏ GÖRÜŞMÜŞDÜR
Sabirabaddakı Qalaqayın çadır düşərgəsinə baş çəkən BQXK prezidentinə məlumat verilmişdir ki, 13 il əvvəl salınmış düşərgədə erməni işğalı altında qalan Füzuli, Cəbrayıl, Qubadlı, Ağdam, Xocavənd, Zəngilan, Xocalı və Şuşa rayonlarındakı əzəli torpaqlarından zorla qovulmuş 2204 ailə, o cümlədən 10 min nəfərə yaxın adam yaşayır. Vaxtilə dağlıq ərazilərdə həyat sürmüş insanlar isti iqlimli bu yerlərə çətinliklə alışmış, bir sıra problemlərlə üzləşmişlər.
Şəhərciyin sakinləri çətin şəraitdə yaşasalar da, öz doğma torpaqlarına qayıdacaqlarına, Azərbaycan Prezidenti İlham Əliyevin apardığı sülh danışıqlarının müsbət nəticələnəcəyinə inandıqlarını, lakin düşmən tərəflə Dağlıq Qarabağ danışıqları limiti tükənərsə, Ali Baş Komandanın qəbul edəcəyi hər bir qərarı canları və qanları ilə müdafiə etməyə hazır olduqlarını bildirmişlər.
Biləsuvarda məcburi köçkünlərin yaşadığı 4 saylı qəsəbədə də beynəlxalq təşkilatın nümayəndələrini qonaqpərvərliklə qarşılamışlar. BQXK nümayəndələri qəsəbədəki İcma İnkişaf Resurs Mərkəzində, Mərcanlı orta məktəbində və mərkəzi xəstəxanada olmuşlar. Görülmüş işlər BQXK rəhbərinə xoş təsir bağışlamışdır. O, doğma yurd-yuvasından didərgin salınmış insanların hansı psixoloji hallar yaşadıqlarına bələd olduğunu, Dağlıq Qarabağ probleminin ədalətlə çözüləcəyinə inandığını söyləmişdir.
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri ьzrə Dövlət Komitəsinin sədri Əli Həsənov və Respublika Qızıl Aypara Cəmiyyətinin prezidenti, Milli Məclisin deputatı Novruz Aslanov görüşlərdə iştirak etmişlər.