Beynəlxalq qrossmeyster: Naxçıvanda müasir standartlara cavab verən şahmat məktəbləri və bacarıqlı məşqçilər var
Naxçıvan, 3 may, AZƏRTAC
Naxçıvanda şahmat idman növünün inkişafı üçün hərtərəfli şərait yaradılıb. Burada müasir standartlara cavab verən şahmat məktəbləri və bacarıqlı məşqçilər var.
Bu sözləri AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində beynəlxalq qrossmeyster, Əməkdar Məşqçi Fərid Abbasov deyib.
“Naxçıvan-2018” Beynəlxalq Şahmat Festivalının iştirakçılarının qarşılanmasının və yarışın idarəçiliyinin yüksək səviyyədə təşkil olunduğunu deyən Fərid Abbasov qeyd edib ki, Naxçıvanda keçirilən şahmat bayramında ikinci dəfədir iştirak edir. “Hər dəfə gələndə Naxçıvanda müsbət mənada daha böyük dəyişikliklər görürəm. Muxtar respublika paytaxtı hər il dəyişir, gözəlləşir. Beynəlxalq Şahmat festivallarında isə iştirakçıların sayı daha da artır. Bu, dünyanın nüfuzlu şahmatçılarının festivala böyük maraq göstərməsinin nəticəsidir”, - deyə beynəlxalq qrossmeyster bildirib.
Builki festivalda Fərid Abbasovun övladları Mədinə və Məryəm də iştirak edirlər. Onlar “C” qrupunda mübarizə aparan şahmatçılar sırasında yer alıblar. Hər ikisi qarşılaşmada uğurlu nəticələr əldə ediblər.
Qeyd edək ki, Fərid Abbasov 2007-ci ildən beynəlxalq qrossmeystrdir. 2531 reytinq xalına malik olan beynəlxalq qrossmeystr Azərbaycanın 18 yaşadək şahmatçılardan ibarət millisinin məşqçisidir.