Beynəlxalq yarışlarda fərqlənən peşə təhsili tələbələrinin uğurları yüksək qiymətləndirilib
Bakı, 16 iyul, AZƏRTAC
Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı beynəlxalq bacarıqlar yarışlarında ölkəni uğurla təmsil edən iştirakçılar və onların təhsil aldıqları peşə təhsili müəssisələrinin rəhbərləri ilə görüşüb.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə Çinin Quançjou şəhərində keçirilən AQEM-in “Etibar və bacarıqlar: gələcəyimizi birgə qururuq” adlı bacarıqlar yarışında “Pilotsuz uçuş aparatlarının yığılması, sazlanması və texniki xidməti” kateqoriyası üzrə üçüncü yerə layiq görülən Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin məzunu Əli Məmmədov və Bərdə Dövlət Peşə Təhsil Mərkəzinin tələbəsi Rauf Mirzəyevin uğurları qeyd olunub.
Həmçinin Qazaxıstanın Kokşetau şəhərində keçirilən “DOSTI Skills Kokshetau 2026” beynəlxalq sənaye yarışında elektronika kateqoriyası üzrə ikinci yeri tutan Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tələbəsi Orxan Mustafayevin nailiyyəti, eləcə də yarışda ekspert qismində iştirak edən Eldar Məhərrəmlinin fəaliyyəti yüksək qiymətləndirilib.
Görüş çərçivəsində beynəlxalq bacarıqlar yarışlarına hazırlıq prosesinin təkmilləşdirilməsi, təlim keyfiyyətinin artırılması, mentorluq fəaliyyətinin inkişafı və peşə təhsili müəssisələrinin bu istiqamətdə rolunun gücləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Qeyd olunub ki, beynəlxalq yarışlarda əldə olunan nəticələr Azərbaycan peşə təhsilinin inkişafını, gənclərin peşə bacarıqlarının yüksək səviyyəsini və peşə təhsili müəssisələrində həyata keçirilən keyfiyyətyönümlü hazırlıq prosesinin uğurlu nəticələrini nümayiş etdirir.
Sonda iştirakçıların peşəkar inkişafının bundan sonra da dəstəklənəcəyi vurğulanıb.