Biləsuvarda kütləvi tibbi müayinədən keçirilən sakinlərdən 37 nəfəri stasionar müalicəyə cəlb olunub
Biləsuvar, 28 mart, Mahir Babayev, AZƏRTAC
Biləsuvarın səhiyyə ocaqlarında fevralın 12-dən bu günədək 18 min 772 nəfər rayon sakini pulsuz kütləvi tibbi müayinədən keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonda əhalinin profilaktik tibbi müayinəsini mütəşəkkil başa çatdırmaq üçün bütün zəruri tədbirlər görülüb. Rayon mərkəzi xəstəxanasının cərrahiyyə, poliklinika, fizioterapiya, laboratoriya və digər şöbələrində sakinlərin kompleks müayinəsi aparılır. Aksiya çərçivəsində terapevt, mama-ginekoloq, kardioloq, pediatr və digər ixtisaslardan ibarət peşəkar həkim komissiyalarının apardığı profilaktik müayinələr əhali tərəfindən böyük razılıqla qarşılanır. Ultrasəs müayinəsi, laboratoriya, rentgenoloji, exokordioqrafiya, qastroskopiya və digər müayinələr xəstəliklərin erkən müalicə olunmasına şərait yaradır. Müayinələr qrafik əsasında ilkin olaraq idarə, müəssisə və təşkilatlarda çalışanları əhatə edib və mövcud olan 51 kollektivin üzvlərinin hamısı tibbi müayinədən keçirilib. Müayinələr qəsəbə və kəndlərdə də yüksək fəallıqla davam etdirilir. Artıq 6 kənddə müayinələr başa çatıb. Hazırda 5 yaşayış məntəqəsində əhalinin kütləvi dispanserizasiyası aparılır.
Rayon mərkəzi xəstəxanasının baş həkimi Nizami Mehdizadə bildirib ki, humanitar aksiya çərçivəsində 2 xəstəxana, 20 həkim və feldşer məntəqəsi tam hazırlıq vəziyyətinə gətirilib. 52 həkim və 50 orta tibb personalından ibarət 3 daimi, 2 səyyar həkim briqadası yaradılıb. Biləsuvar şəhəri də daxil olmaqla, 26 yaşayış məntəqəsindən 72 mindən çox insanın profilaktik tibbi müayinədən keçirilməsi nəzərdə tutulub.
Müayinədən keçmiş sakinlərdən 570 nəfəri ambulator, 37 nəfəri stasionar müalicəyə cəlb olunub, 8 nəfərin üzərində isə cərrahiyyə əməliyyatı aparılıb. Rayon şəraitində müalicəsi mümkün olmayan 60 vətəndaş isə təkrar müayinə və müalicə olunmaq üçün Bakı şəhərindəki ixtisaslaşdırılmış tibb müəssisələrinə göndərilib.