Biləsuvarda Nəsiminin 650 illik yubileyi qeyd olunub
Biləsuvar, 31 may, Mahir Babayev, AZƏRTAC
Biləsuvarda dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunan tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə Prezident İlham Əliyevin 2019-cu ilin Azərbaycanda “Nəsimi ili” elan olunması haqqında imzalandığı Sərəncamın əhəmiyyətindən danışılıb. Qeyd olunub ki, dövlətimizin başçısının bu Sərəncamı şairin yaradıcılığına verilən dəyərin, hörmət və ehtiramın ən yüksək göstəricisi, milli-mənəvi dəyərlərimizin təbliğinə və bütövlükdə Azərbaycan mədəniyyətinin, dilimizin və ədəbiyyatımızın inkişafına göstərilən diqqət və qayğının bariz nümunəsidir.
Çıxışlarda Azərbaycan xalqının çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş İmadəddin Nəsiminin zəngin yaradıcılıq irsinin bu gün də insanların mənəvi-əxlaqi kamilləşməsində mühüm rol oynadığı, Şərq xalqlarının mədəni sərvətlər xəzinəsində özünəməxsus yer tutduğu bildirilib.
Sonda rayon mədəniyyət mərkəzinin dram kollektivinin ifasında böyük şairə həsr olunmuş tamaşa nümayiş etdirilib.