BİLƏSUVARLILAR PERSPEKTİVLƏRİ MÜƏYYƏNLƏŞDİRİRLƏR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, fevralın 14-də Biləsuvar Rayon İcra Hakimiyyətinin 2006-cı ildə gördüyü işlərin müzakirəsinə həsr olunmuş geniş müşavirəsi keçirilmişdir.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunmuşdur.
Rayon icra hakimiyyətinin başçısı Adil Məmmədov hesabat məruzəsində 2006-cı ilin sosial-iqtisadi göstəricilərinin təhlilinə geniş yer ayıraraq bildirmişdir ki, bu müddətdə rayonda 5154 yeni iş yeri açılmışdır. Bunun 1345-i daimidir. Hesabat dövründə 12 643 ton pambıq, 53 min ton taxıl, 4 min ton günəbaxan, 23,2 min ton bostan-tərəvəz məhsulları, 3,4 min ton şəkər çuğunduru istehsal olunmuşdur. İribuynuzlu mal-qaranın sayı 37,2 min, davarın sayı isə 129,5 min başa çatdırılmışdır, 2,8 min ton ət, 14,6 min ton süd, 10,8 milyon ədəd yumurta, 170 ton yun istehsal edilmişdir.
Məlumat verilmişdir ki, regionların sosial-iqtisadi inkişafı Dövlət proqramına uyğun olaraq, 18,5 kilometrlik Biləsuvar-İran yolu tikilib istifadəyə verilmiş, Heydər Əliyev adına İdman və Sağlamlıq Kompleksinin yenidənqurma işlərinə başlanılmış, 3 min yerlik şəhər stadionu əsaslı təmir olunmuşdur. Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində Meliorator qəsəbəsində 240 yerlik məktəb açılmış, Ş.Qurbanov adına 2 saylı və Nizami adına orta məktəblərin binaları təmir edilmişdir. Hazırda Olimpiya İdman Kompleksi tikilir.
Məruzə ətrafında müzakirələrdə maliyyə idarəsinin rəisi Məhəmməd Məmmədov, Aşağı Cürəli kənd icra nümayəndəsi Əli Abızadə, sahibkarlar Xalidə Ağayeva, rayon prokuroru Fəxrəddin Məmmədov, təhsil şöbəsinin müdiri Qənbər Bağırov, hərbi komissar Savalan Dəmirov, Yeni Azərbaycan Partiyası qadınlar şurası rayon təşkilatının sədri Fərqanə Əliyeva və başqaları çıxış edərək görülmüş işləri qənaətbəxş hesab etmiş, 2007-ci ildə qarşıda duran vəzifələrin layiqincə yerinə yetiriləcəyinə, ölkə Prezidentinin uğurlu daxili və xarici siyasətinin qətiyyətlə dəstəklənəcəyinə əminliklərini bildirmişlər.
Müşavirənin işində Prezidentin İcra Aparatının nümayəndəsi Mikayıl Hüseynov iştirak etmişdir.
Müşavirə iştirakçıları adından Azərbaycan Prezidentinə müraciət qəbul olunmuşdur.