Binəqədi rayon Mərkəzi Kitabxanasının 90 illiyi qeyd edilib
Bakı, 26 dekabr, AZƏRTAC
Binəqədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) Mərkəzi Kitabxanası oxucularına hər zaman etimad göstərib. Bura mütaliə səviyyəsi yuxarı olan insanların üz tutduğu məkanlardandır. Bu mənada, kitabxananın fəaliyyətini təqdirəlayiq hesab etmək olar.
AZƏRTAC xəbər verir ki, bu sözləri dekabrın 26-da M.F.Axudzadə adına Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov sözügedən kitabxananın 90 illiyinə həsr edilmiş tədbirdə deyib.
Vurğulayıb ki, bu gün kitabxana işi sahəsində ən ümdə məsələlərdən biri oxucu sayının artırılmasıdır. Ölkədə fəaliyyət göstərən kütləvi, açıq kitabxanalar hər zaman bu sahəyə xüsusi diqqət ayırırlar. Binəqədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi də bu işdə ön sıralarda qərarlaşır.
K.Tahirov söyləyib ki, kitabxana 1990-cı ildən V.Q.Korolenko adına Mərkəzi Şəhər Gənclər Kitabxanası, 2011-ci ildən isə Binəqədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası kimi fəaliyyət göstərir. Hazırda kitab fondu 160 mindən çox olan kitabxananın oxucularının sayı 17 min 872 nəfərdir. Kitabxananın 6 şöbəsi və 6 kitabxana-filialı var.
Prezident Kitabxanasının direktoru Mail Əhmədov dövlət tərəfindən kitabxana işinə yüksək qiymət verildiyi, eləcə də bu sahənin inkişafına xüsusi diqqət ayrıldığını qeyd edib.
Ölkəmizdə kitab və kitabxana sisteminin inkişafında innovativ tətbiqin vacibliyini qeyd edən natiq kitabxanaların daha çox oxunaqlı nəşrlərlə zənginləşməsinin vacibliyini söyləyib. Mərkəzi Kitabxananın bütün kollektivini təbrik edən M.Əhmədov onlara işlərində uğurlar arzulayıb.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəsmiləri Hacı Əliyev və Səbinə Məmmədova çıxış edərək kitabxananın keçdiyi tarixi yola nəzər salıblar. Qeyd edilib ki, 1928-ci ildə fəaliyyətə başlayan kitabxana oxucuları, xüsusən də gəncləri ətrafına yığmağı bacarıb.
Natiqlər dünya təcrübəsindən meydana gələn innovativ meyillər, habelə Azərbaycan kitabxanaçılığı sahəsində başlıca vəzifələrdən də söz açıblar. Bildirilib ki, kitabxana gələcəkdə də humanitar baza rolunu oynamaqla yanaşı, geniş spektrdə fəaliyyət göstərəcək.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə reallaşan tədbir Mərkəzi Kitabxananın yaranma tarixindən bəhs edən tamaşanın nümayişi ilə davam edib.
Sonda Binəqədi rayon MKS-nin direktoru Rəna Biləndərli təşkilatçılara və iştirakçılara təşəkkür edib.