Binəqədi rayonunda Molla Pənah Vaqifin 300 illik yubileyi qeyd olunub
Bakı, 30 dekabr, AZƏRTAC
Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 yanvar tarixli Sərəncamından irəli gələn vəzifələrin icrasına uyğun olaraq ölkəmizdə keçirilən növbəti tədbirlərdən biri də Bakının Binəqədi rayonunun 143 nömrəli tam orta məktəbində reallaşıb.
Binəqədi Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, tədbir iştirakçıları əvvəlcə Vaqifin həyat və yaradıcılığına həsr olunmuş slaydları izləyiblər. İcra hakimiyyətinin şöbə müdiri, YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov çıxış edərək Molla Pənah Vaqifin ədəbiyyatımıza töhfələrini vurğulayıb.
Görkəmli şairin yaradıcılığından danışan Xalq Artisti Nurəddin Mehdixanlı realist ədəbiyyatın banisi kimi Vaqif şeirlərinin dilinin rəvanlığını və axıcılığını yüksək qiymətləndirib. Görkəmli aktyor məktəblilərlə birlikdə Səməd Vurğunun “Vaqif” dramından bir hissəni təqdim edib.
Şagirdlər şairin sözlərinə yazılmış mahnı və romanslar, eləcə də muğam və təsniflər ifa edib, səhnəciklər göstəriblər.