Binəqədidə mərkəzləşdirilmiş su təchizatı sistemləri yaradılır
Bakı, 18 avqust, AZƏRTAC
“Azərsu” ASC Bakı şəhəri və ətraf qəsəbələrdə əhalinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə layihələrin icrasını davam etdirir.
ASC-dən AZƏRTAC-a bildirilib ki, səhmdar cəmiyyətin daxili imkanları hesabına Binəqədi rayonunun Binəqədi qəsəbəsində yeni layihənin icrasına başlanıb, Binəqədi-Xırdalan şosesinin sağ hissəsində yerləşən yaşayış massivində mərkəzləşdirilmiş su təchizatı sistemləri yaradılır.
Yaşayış massivində mərkəzləşdirilmiş su təchizatı sistemləri mövcud olmadığına görə ərazinin bir hissəsində əhali tərəfindən fərdi qaydada su xətləri çəkilib və həmin xətlər tikinti normalarına cavab vermədiyindən istismara yararsız vəziyyətdədir. Fərdi şəbəkələrdə tez-tez baş verən qəzalar sistemdə sabit hidravlik rejimlərin pozulmasına, ciddi su itkilərinə səbəb olur, eləcə də suyun keyfiyyəti üçün müəyyən risklər yaradır. Şəbəkə olmayan ərazilərdə isə sakinlər içməli suyu maşınlarla əldə edirdi.
Layihə çərçivəsində ərazidəki istismar tələblərinə cavab verməyən bütün fərdi su xətləri ləğv olunub, burada müxtəlif diametrli borularla 5,7 kilometr uzunluğunda içməli su şəbəkəsi yaradılır. Layihənin əhatə etdiyi ərazidə 500-dək fərdi yaşayış evi və obyekt yeni şəbəkəyə qoşulmaqla yanaşı, sayğaclar da quraşdırılacaq. Tikinti-quraşdırma işlərinin cari ilin oktyabr ayına qədər başa çatdırılması nəzərdə tutulur.
“Azərsu” hazırda Binəqədi rayonu ilə yanaşı, Abşeron, Səbail, Sabunçu, Suraxanı, Xəzər rayonlarında, həmçinin Hacıqabul, Saatlı, Şamaxı, Siyəzən, Neftçala, Biləsuvar, Tovuz rayonlarının kənd və qəsəbələrində içməli su təchizatının yaxşılaşdırılması məqsədilə layihələrin icrasını davam etdirir.