Binyamin Netanyahu qələbəsini bayram edir
Bakı, 18 mart, AZƏRTAC
Dünya isteblişmentinin diqqəti hazırda İsrailə cəlb olunub. Burada növbədənkənar parlament seçkilərində səslərin hesablanması yekunlaşmaq üzrədir.
Amma İsrailin Baş naziri Binyamin Netanyahu öz elektoratı qarşısında çıxışında artıq bəyan edib ki, onun başçılıq etdiyi “Likud” Partiyası martın 17-də ölkədə keçirilən parlament seçkilərində liderlik edir. O, seçkilərin nəticələrini böyük qələbə adlandırıb. Müxalif “Sionist düşərgəsi” isə səsvermənin yekun nəticələri açıqlanmayana qədər qələbə bəyanatları verməyə tələsməməyə çağırıb.
Qeyd edək ki, exit-pollar “Likud” və sol mərkəzçi “Sionist düşərgəsi” partiyalarının hər biri üçün 27 mandat proqnozlaşdırıb. Lakin bülletenlərin, demək olar, 100 faizinin hesablanmasının nəticələrinə görə, “Likud” 120 yerlik Knessetdə 30 kresloya, “Sionist düşərgəsi” isə 24 kresloya sahib olub. Amma bu fakt İshak Hersoqu ruhdan salmır. O hesab edir ki, fərq bir o qədər də böyük deyil. Seçkilərin nəticələri onun alyansının nüfuzlu olduğunu, partiyasının rəyi ilə hesablaşmaq tələb olunduğunu təsdiq edir.
Analitiklər hesab edirlər ki, hökuməti formalaşdırmağa partiyalardan heç birinin gücü çatmayacaq. Odur ki, hər iki lider seçki mübarizəsinin başqa iştirakçıları ilə hakim koalisiyanı formalaşdırmaq barədə məsləhətləşmələrə başladıqlarını açıqlayıb. Məsələn, B.Netanyahu bildirib ki, artıq başqa sol mərkəzçi partiyalar ilə danışıqlar aparır.
İsrail Mərkəzi Seçki Komissiyasının ilkin məlumatına görə, 20-ci çağırış Knesset seçkilərində seçicilərin 73 faizi iştirak edib və bu da 1999-cu ildən etibarən ən yüksək göstəricidir. Məsələn, 2013-cü il seçkilərində seçici fəallığı 67,8 faiz olub.
Beləliklə, səslərin 99 faizi hesablanandan sonra Binyamin Netanyahunun başçılıq etdiyi “Likud” partiyası 30 mandata, İshak Hersoqun başçılıq etdiyi “Sionist düşərgəsi” isə 24 mandata sahib olub. Knessetdə təmsil olunmuş üçüncü ən böyük fraksiya 14 mandat qazanmış ərəb deputatların birgə siyahısıdır. Onun ardınca “Yeş Atid” (11 mandat) və “Kulanu” (10 mandat) gəlir. Avropa evi 8 mandata, ŞAS 7 mandata, “Yaadut a-Tora” və NDİ - hər biri 6 mandata sahib olublar. 4 mandat qazanan MERETS elektoral həddi çətinliklə aşıb, Eli İşayananın “Yahad” partiyası isə bu həddi aşa bilməyib.
Seçkilərin son nəticələri martın 19-da - əsgərlərin və yaşadıqları yerdən kənarda olanların səsləri hesablanandan sonra açıqlanacaq.
Qələbəni bayram edən Binyamin Netanyahu bildirib ki, hökuməti yaxın bir neçə həftə ərzində təşkil etmək niyyətindədir. O, hökumətə Naftali Benneti (“Bayt İyequdi”), Moşe Kaxlonu (“Kulanu”), Aviqdor Libermanı (NDİ), Arye Derini (ŞAS), Yakov Litsmanı və Moşe Qafnini (“Yaadut a-Tora”) dəvət etmək niyyətindədir. O, həmin şəxslərlə irəlicədən söhbət edib.