Biofizika İnstitutunun elmi tədqiqat işlərinin planı təsdiq edilib
Bakı, 2 fevral, AZƏRTAC
Fevralın 2-də Biofizika İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, karantin rejiminin tələblərinə uyğun olaraq təşkil olunan tədbiri institutun baş direktoru, AMEA-nın müxbir üzvü Oktay Qasımov açaraq şura üzvlərini gündəlikdəki məsələlərlə tanış edib. O, müəssisənin əsas elmi istiqamətlərini və 2021-ci il üçün elmi tədqiqat işlərinin əhatəli planının layihəsini təqdim edib. Bildirib ki, cari ildə “Zülal və hüceyrə sistemlərində struktur-dinamika-funksiya arasında əlaqələr” və “Hüceyrə-ətraf mühit əlaqələrinin struktur-funksional xüsusiyyətlərinin molekulyar-genetik əsasları” mövzuları üzrə tədqiqat işlərinin aparılması nəzərdə tutulur. Bəzi dəyişiklik və təkliflər nəzərə alınaraq mövzular Elmi şuranın üzvləri tərəfindən müzakirə edilərək təsdiqlənib.
Sonra gündəlikdəki digər məsələlər, o cümlədən Elmi şuranın tərkibində qismən dəyişikliklər edilməsi, institutun strukturunun daha da təkmilləşdirilməsi və s. haqqında məsələlər müzakirə olunub və müvafiq qərarlar qəbul edilib.
Müzakirələrdə Milli Onkologiya Mərkəzinin laboratoriya müdiri, biologiya üzrə fəlsəfə doktoru Leylaxanım Məlikova, Biofizika İnstitutunun laboratoriya müdiri, AMEA-nın müxbir üzvü İlham Şahmuradov və başqaları çıxış edərək mövzularla bağlı fikir və təkliflərini bildiriblər.