Biologiya və Tibb Elmləri Bölməsinin institutlarında fundamental əhəmiyyətli tədqiqatlar aparılır
Bakı, 13 dekabr, AZƏRTAC
Dekabrın 13-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) ümumi yığıncağı keçirilib.
AMEA-dan AZƏRTAC-a bildiriblər ki, əvvəlcə BTEB-nin akademik-katibi, akademik Əhliman Əmiraslanov gündəlikdəki məsələləri diqqətə çatdırıb.
İclasda Kembric Universitetinin professoru, AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun hesablama struktur biologiyası laboratoriyasının rəhbəri Qərib Mürşüdov "Struktur biologiyası: uğurlar və gələcək perspektivlər" mövzusunda məruzə ilə çıxış edib. Alim Kembric şəhərindəki Tibbi Tədqiqatlar Mərkəzinin Molekulyar Biologiya laboratoriyasında görülən işlər haqqında məlumat verib, müasir struktur biologiyası metodları və elektron mikroskopiyasının inkişaf yollarından danışıb. Bildirilib ki, hazırda dünyada bu sahədə inqilabi dəyişikliklər baş verir, bioloji əhəmiyyətli böyük makromolekulların dəqiq öyrənilməsinə imkan yaranır.
Q.Mürşüdov müasir struktur biologiyası metodları və bu üsulların tətbiqi ilə öyrənilən bir neçə molekulyar kompleks haqqında da danışıb. Qeyd edilib ki, bu molekulların sırasına bioloji və tibbi baxımdan fundamental əhəmiyyətli ribosomlar və tau filamentləri daxildir. O, Azərbaycanda Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda bu sahədə görülən işlərdən danışıb, perspektivləri diqqətə çatdırıb.
Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncamla bağlı müzakirə aparılıb. Genetik Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov sənəddən irəli gələn məsələlər barədə məlumat verib.
Məsələ ilə bağlı müvafiq qərar qəbul edilib.
İclasda bir sıra elmi təşkilati və kadr məsələlərinə də baxılıb.