BİOMÜXTƏLİFLİYƏ HƏSR EDİLMİŞ MÜSABİQƏYƏ YEKUN VURULDU
Bu müsabiqə iki kateqoriya - bioloji müxtəlifliyə dair ən yaxşı layihə; bioloji müxtəlifliyə həsr edilmiş ən yaxşı məqalə və elektron KİV materialı üzrə keçirilmişdir. İkinci kateqoriya müsabiqəyə ekoloji jurnalistikanı fəallaşdırmaq məqsədi ilə daxil edilmişdi.
Müsabiqəyə təqdim olunmuş layihələrin və məqalələrin müzakirə edilməsi üçün təcrübəli alim və mütəxəssislərin iştirakı ilə dörd komissiya yaradılmışdı. Təşkilat komitəsinə 46 təşkilatdan 61 layihə və 10 ekojurnalistdən 21 məqalə daxil olmuşdu.
Komissiyalar təqdim olunmuş materialları qiymətləndirərək müsabiqənin əsas mükafatını Azərbaycan Zooloqlar Cəmiyyəti tərəfindən təqdim olunmuş “Azərbaycan ərazisində Bezoar keçilərinin (Carpa aegagrus) və Muflonların (Ovis orientalis) monitorinqi ilə bağlı lazımi əsasların təmin edilməsi və onların qorunması istiqamətində tədbirlər planının işlənib hazırlanması” layihəsinə vermişdir. Mükafatın məbləği 18 min 670 ABŞ dollarıdır.
İkinci yer və 1500 ABŞ dolları məbləğində mükafat “Ekostil-Azərbaycan” QHT-yə, “Azərbaycanın çempion ağacları” layihəsinə görə verilmişdir.
Üçüncü yer və 1000 ABŞ dolları məbləğində mükafat “Xəzərin Azərbaycan hissəsinin sahil ərazilərinin heyvanlar aləmi” layihəsinə görə Azərbaycan Zooloqlar Cəmiyyətinə verilmişdir.
Bundan əlavə, iştirakçı təşkilatlardan dördü həvəsləndirici mükafatlar almışlar.
Məqalələr və elektron KİV materialları nominasiyasında təqdim olunmuş materiallardan heç biri 1-ci mükafata layiq bilinməmişdir.
İkinci yerə və 500 ABŞ dolları məbləğində mükafata “Zerkalo” qəzetində dərc olunmuş “Suiti qripi virusu” adlı məqaləsinə görə Gülqız Süleymanova layiq görülmüşdür.
Üçüncü yerə və 300 ABŞ dolları məbləğində mükafata “Kaspi” və “Obozrevatel” qəzetlərində dərc olunmuş “Yanğın təhlükəsi”, “Pestisid təhlükəsi”, “Abşeronun qızıl qumları gecənin zülmət qaranlığından istifadə edilərək kənara daşınır” adlı məqalələr seriyasına görə Sevinc Heydərova layiq görülmüşdür.