Bir gündə 650 min ağacın əkilməsi ölkəmizin yaşıllaşdırılması baxımından dəyərli töhfədir
Bakı, 15 noyabr, AZƏRTAC
İslama qədər istər dini, istərsə də fəlsəfi görüşlərdə insanla bağlı pessimist fikirlər çox idi. Cənnətdən qovulan insan Yer üzünə düşür, burada hər kəs bir-birini didir, parçalayır. Lakin islamın müqəddəs kitabı Quranda insan Yer üzündə Tanrının xəlifəsi kimi təqdim edilir. İslam dinini dərindən bilən mütəfəkkir şair İmadəddin Nəsimi isə deyirdi: İnsan Yer üzünün əşrəfidir. Nəsimi insanı ona görə ucaldırdı ki, o, sözə sahiblənən yeganə varlıq idi. İnsanın üzündəki cizgilərin, Quran ayələri və namaz rükətlərinin hürufilik təlimində rəmzi mənalar daşıması təsadüfi deyildi. Hürufilər hərf və rəqəmlər nəzəriyyəsini təbiətə, kainata belə tətbiq edərək onların arasında da vəhdət və uyğunluq arayıb tapırdılar.
Bu fikirləri AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun direktor müavini, kulturologiya üzrə fəlsəfə doktoru, dosent Namiq Abbasov AZƏRTAC-a müsahibəsində söyləyib. O qeyd edib ki, Nəsimi ideyaları bəşəridir. Şairin kamil insanı təbiətlə vəhdətdədir. Nəsiminin fikrincə, dünya, kainat, təbiət, insan nəsli ikiliklərin təzadlarına əsaslanır. İnsanı yer və göy ilə əlaqələndirən təzadlı ikiliklərdir. İkiliklərin birliyə çevrildiyi varlıq ancaq Tanrıdır.
Azərbaycan Prezidenti İlham Əliyevin Nəsiminin anadan olmasının 650 illiyinin qeyd olunması ilə bağlı Sərəncam imzalaması, 2019-cu ili ölkədə “Nəsimi ili” elan etməsi dahi şairin irsinin təbliği baxımından mühüm addımlardır.
Şairin yaradıcılığında insan və təbiət münasibətlərinin harmoniyası xüsusi yer tutduğuna görə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə ölkəmizdə 650 min ağac əkilməsi təşəbbüsü böyük şairin xatirəsinin həm əbədiləşdirilməsi, həm də ölkəmizin yaşıllaşdırılması, ətraf mühitin sağlamlaşdırılması baxımından dəyərli töhfədir. Əkiləcək ağaclar şairin xatirəsinə bir təbiət abidəsi olacaq.