İQTİSADİYYAT
Birinci qrant müsabiqəsində qalib gəlmiş 31 layihənin maliyyələşdirilməsinə dair qərar qəbul edilib
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdindəki İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun elan etdiyi birinci qrant müsabiqəsində qalib gəlmiş 31 layihənin maliyyələşdirilməsi ilə bağlı qərar qəbul edib.
AZƏRTAC xəbər verir ki, müsabiqəyə 194 layihə təqdim olunub. Onların 95-i fiziki şəxslərə, 99-u isə hüquqi şəxslərə məxsusdur. Bu barədə layihələrin təqdimatına həsr olunmuş tədbirdə çıxış edən fondun icraçı direktoru Elçin Zeynalov məlumat verib. O bildirib ki, maliyyələşdirilmə üç mərhələdə aparılır. Birinci mərhələdə layihənin dəyərinin 30 faizi, ikinci mərhələdə 40 faizi, sonuncu mərhələdə isə 30 faiz maliyyələşdirilir.
Tədbirdə ikinci qrant müsabiqəsi ilə bağlı infosessiya keçirilib. Qeyd olunub ki, fond innovativ İKT xidmətlərinin və məhsullarının hazırlanması (e-ticarət, e-xidmətlər, mobil həllər, istehsal yönümlü yeni məhsullar və texnologiyalar, xidmətlər) üzrə növbəti qrant müsabiqəsi elan edib. Layihələrin qəbulu ilə bağlı prosedurlar sadələşdirilib. Belə ki, layihələr müsabiqəyə bu dəfə yalnız fondun rəsmi internet səhifəsində (www.ictfund.gov.az) yerləşdirilmiş e-qrant bölməsi vasitəsi ilə onlayn təqdim ediləcək.
Müsabiqədə Azərbaycan vətəndaşı olan fiziki şəxslər və dövlət qeydiyyatından keçmiş olan hüquqi şəxslər innovativ və tətbiqi elmi-texniki İKT layihələri ilə iştirak edə bilərlər. İkinci qrant müsabiqəsinə layihələrin qəbulu noyabrın 15-dək davam edəcək.