Birja üzvləri üçün mükafatlandırma mexanizminin tətbiqinə başlanılır
Bakı, 7 aprel, AZƏRTAC
“Bakı Fond Birjası” QSC (BFB) tərəfindən kapital bazarında qiymətli kağızların kütləvi təklifinin stimullaşdırılması istiqamətində son illərdə davamlı olaraq tədbirlər həyata keçirilir. Bununla bağlı olaraq, mütəşəkkil qiymətli kağızlar bazarının stabil inkişafını təmin etmək və korporativ qiymətli kağızlar sektorunu canlandırmaq məqsədi ilə BFB-nin Müşahidə Şurasının 2020-ci ildə təsdiqlədiyi “Bakı Fond Birjasının 2021-2023-cü illər üzrə strateji prioriteti və tədbirlər planı” çərçivəsində korporativ qiymətli kağızların ticarətə cəlb edilməsi üçün mükafatlandırma mexanizmləri araşdırılıb.
BFB-dən AZƏRTAC-a bildirilib ki, nəticədə, Bakı Fond Birjası tərəfindən qiymətli kağızların kütləvi təklif üsulu ilə yerləşdirilməsi zamanı anderraytinq xidməti göstərən investisiya şirkət(lər)inə bir sıra şərtlər əsasında pul mükafatının verilməsinə dair qərar qəbul edilib:
1. qiymətli kağızlar korporativ emitentlər (İKZF istisna olmaqla) tərəfindən emissiya olunmaqla fond birjasında kütləvi təklif üsulu ilə yerləşdirildikdə aşağıdakı məbləğdə mükafat ödənilir:
- 1 milyon - 3 milyon manat olan səhm emissiyaları üzrə 2 min manat, istiqraz emissiyası üzrə min manat mükafat ödənilir
- 3 milyon manatdan çox məbləğdə səhm emissiyası üzrə 5 min manat, istiqraz emissiyası üzrə 3 min manat
- yerləşdirilmiş səhmlər üzrə kumulyativ olmaqla rüblük əsasda 5 milyon manat və daha çox məbləğdə ticarət həcmi üzrə min manat.
2. qeyd edilən mükafat birja üzvünə (üzvlərinə) hər bir emitent üzrə yalnız bir dəfə ödənilir
3. qeyd olunan mükafatlar yerləşdirilmiş həcm nəzərə alınmaqla hesablanır
4. xarici valyutada buraxılmış korporativ istiqrazlar üzrə həcmlər manat ekvivalentində nəzərə alınmaqla hesablanır
5. mükafatlandırma təşəbbüsü dekabrın 31-dək tətbiq edilir.