BMT AZƏRBAYCANDA HƏYATA KEÇİRİLƏN LAYİHƏLƏRİ FƏAL DƏSTƏKLƏYİR
Xarici İşlər Nazirliyinin mətbuat mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, nazir Elmar Məmmədyarov, Azərbaycanla BMT arasındakı əlaqələrin yüksək səviyyədə olmasından və təşkilatın ölkəmizdə həyata keçirdiyi bir çox layihələrin uğurlu nəticələr verməsindən məmnunluğunu ifadə etmişdir.
Azərbaycanı strateji tərəfdaş adlandıran Kalman Mijey, ölkəmizdə həyata keçirilən və gələcəkdə keçiriləcək layihələrə təmsil etdiyi təşkilat tərəfindən dəstək göstəriləcəyini bildirmişdir. O, BMT-nin Azərbaycanın Avropa Birliyinin “yeni qonşuluq” proqramına qoşulmasını dəstəklədiyini və ölkəmiz ilə Avropa Birliyinə yeni üzv olan dövlətlər arasında əlaqələrin qurulması üçün hər bir yardımı göstərməyə hazır olduğunu qeyd etmişdir. Azərbaycandakı iqtisadi inkişafın sürətlə artdığını bildirən qonaq, gələn il də ölkəmizin iqtisadi artım göstəricilərinə görə dünya dövlətləri sırasında ilk yerdə duracağını xüsusilə vurğulamışdır. Eyni zamanda, qonaq, həmçinin Azərbaycanın Dünya Ticarət Təşkilatına tezliklə üzv olması məsələsinə də toxunmuşdur.
Daha sonra xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizin qlobal layihələrdə, xüsusilə də terrorizm əleyhinə mübarizədə iştirak etdiyini vurğulayaraq, ölkəmizin də 32 dəfə erməni terroru ilə üzləşdiyini qonağın diqqətinə çatdırmışdır. Nazir eyni zamanda münaqişə nəticəsində yüz minlərlə qaçqın və məcburi köçkünü olan Azərbaycanın qlobal layihələrdə uğurla iştirak etməsi üçün maddi dəstəyə ehtiyacı olduğunu və bu məqsədlə BMT ilə Azərbaycan arasında əməkdaşlığın şəffaflıq prinsiplərinə uyğun aparılmasının zəruriliyini xüsusilə qeyd etmişdir.
Xarici siyasət idarəsinin başçısı Elmar Məmmədyarov aqrobiznes, turizm, sahibkarlıq, informasiya texnologiyası və bir çox digər sahələrin də inkişaf etdirilməsinin zəruriliyini vurğulayaraq, bu sahələrə də sərmayə cəlb edilməsinin vacibliyini bildirmişdir.
BMT İnkişaf Proqramının Azərbaycanda həyata keçirdiyi proqramlardan və ölkə rəhbərliyi ilə əməkdaşlıqdan böyük məmnunluğunu söyləyən Kalman Mijey, təmsil etdiyi təşkilatın ölkəmizin sadiq tərəfdaşı olduğunu xüsusilə vurğulamışdır.
Xarici işlər naziri Azərbaycanla BMT arasındakı əlaqələrin gələcəkdə daha da inkişaf edəcəyinə əminliyini bildirərək, ölkəmizin bu təşkilatın müxtəlif proqramlarını həyata keçirməsi üçün bütün imkanlara malik olduğunu qarşı tərəfin diqqətinə çatdırmışdır. Nazir BMT-nin dəstəyi ilə həyata keçirilən işə qəbul üçün yeni test sisteminin tətbiqində pilot kimi çıxış edən Xarici İşlər Nazirliyinin bu sahədə uğur əldə edəcəyinə və bu sistemdən digər sahələrdə də istifadə edilməsi üçün gələcəkdə də BMT-nin dəstəyinə ümid etdiyini bildirmişdir.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər də müzakirə edilmişdir.