BMT dağıdıcı zəlzələdən zərər çəkmiş Ekvador sakinlərinə yardımı davam etdirir
Bakı, 20 aprel, AZƏRTAC
Dünya Ərzaq Proqramı (DƏP) ötən şənbə günü Ekvadorda baş vermiş güclü zəlzələdən zərər çəkmiş səkkiz min sakin üçün qida məhsulları göndərib. Təbii fəlakət nəticəsində bu ölkədə 400-dən çox insan həlak olub, 2658 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Minlərlə insan evsiz-eşiksiz qalıb, bütün əmlakını itirib.
AZƏRTAC BMT-nin xəbərlər mərkəzinə istinadla bildirir ki, Ekvador hökumətinin xahişi ilə Dünya Ərzaq Proqramı bu ölkənin hakimiyyət orqanları ilə birlikdə yaxın 15 gündə 8 min nəfər üçün kifayət edəcək həcmdə ərzaq məhsulları ilə dolu yük maşınları dəstəsini təbii fəlakət rayonlarına göndərib.
Yaxın vaxtlarda daha 12 min sakin üçün ərzaq yardımı göndəriləcək. ərzaq payları xəstəxanalara da çatdırılacaq.
BMT baş katibinin müavini, BMT-nin fövqəladə yardımlarının əlaqələndiricisi Stiven O’Brayen Ekvadora gəlib. Ölkədə təbii fəlakətin nəticələrinin hesablanması üzrə komanda artıq işə başlayıb. Komandaya daxil olan on beş ekspert xilasetmə əməliyyatlarının əlaqələndirilməsində yerli hakimiyyət orqanlarına kömək etməli, habelə onlara informasiya dəstəyi verməlidir.
BMT Uşaq Fondundan (UNICEF) verilən məlumata görə, Ekvadorda zəlzələ nəticəsində 150 min uşaq bu və ya digər dərəcədə zərər çəkib. Hökumətin ilkin hesablamalarına görə təbii fəlakət nəticəsində 119 məktəb binası zədələnib. Bu məktəblərdə oxuyan şagirdlərin ümumi sayı 88 min nəfərdir.
Zəlzələ zamanı təxminən 805 bina dağılıb, 608 tikili ciddi zədələnib. Portovyexo və Çono şəhərlərində iki xəstəxana tamamilə dağılıb.
Belə təbii fəlakətlərdən sonra çox vaxt yoluxucu xəstəliklər yayılır. Hazırda UNICEF əməkdaşları uşaqları bu xəstəliklərdən qorumağa çalışırlar. Ölkənin sahilyanı zonalarında yaranmış vəziyyət UNICEF-i xüsusilə narahat edir, çünki həmin zonalarda bir tərəfdən də Zika və Denqe qızdırmaları, həmçinin malyariya və Çikunqunya virusu tüğyan edir.