DÜNYA
BMT-nin baş katibi Konqoda Dünya Ərzaq Proqramı missiyası üzvlərinin qətlə yetirilməsini pisləyib
Qahirə, 23 fevral, AZƏRTAC
BMT-nin baş katibi Antonio Quterreş Konqo Demokratik Respublikasının Şimali Kivu vilayətində Dünya Ərzaq Proqramı missiyasının üzvlərinə qarşı silahlı hücumu pisləyən bəyanat yayıb.
AZƏRTAC xəbər verir ki, baş katib həlak olanların ailələrinə və İtaliya hökumətinə başsağlığı verib, Dünya Ərzaq Proqramının əməkdaşları ilə həmrəyliyini ifadə edib. O, Konqo hökumətinə müraciətində cinayətkarların tezliklə müəyyənləşdirilərək ədalət məhkəməsinə təslim ediləcəyinə ümidvar olduğunu bildirib. A.Quterreş, eyni zamanda, regionda sülhün və sabitliyin bərqərar olması istiqamətində BMT-nin dəstəyinin davam edəcəyini vurğulayıb.
Xatırladaq ki, fevralın 22-də naməlum silahlı qruplaşma üzvlərinin BMT-nin Dünya Ərzaq Proqramının bu ölkədəki missiyasına qarşı silahlı hücumu nəticəsində 3 nəfər, o cümlədən İtaliyanın Konqodakı səfiri və onun cangüdəni qətlə yetirilib.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə