RƏSMİ XRONİKA
BMT-NİN CENEVRƏDƏKİ NÜMAYƏNDƏLİYİNİN BAŞ DİREKTORU İLƏ SÖHBƏT
Heydər Əliyev qeyd etdi ki, ölkəmiz gənc olsa da, belə mötəbər məclislərdə yaxından iştirak etmək və layiqli yer tutmaq istəyir. İşlərimiz, problemlərimiz başdan aşsa da, mən buraya gəlməyi zəruri bildim.
V.Petrovski xüsusi vurğuladı ki, Heydər Əliyevin burada olması hiss edilir, ona böyük maraq göstərildiyi aydın görünür. O, Davos məclisinin əhəmiyyətindən danışarkən dedi ki, bir çox məsələlərin, o cümlədən iqtisadiyyatın inkişafı, demokratik islahatlar aparılması, münaqişəli vəziyyətlərin aradan qaldırılması kimi problemlərin həlli yollarını tapmaq üçün burada böyük imkanlar yaranır. Bir daha bildirirəm ki, Sizin buraya gəlişiniz hamımız üçün böyük hadisədir. Diqqətəlayiq haldır ki, ölkəniz belə qısa müddətdə beynəlxalq birlikdə tanınmağa müvəffəq olmuşdur. Bu, bizi çox sevindirir. Cənab V.Petrovski qeyd etdi ki, beynəlxalq birliyin Cenevrə nümayəndəliyi Azərbaycan Prezidentinin təşəbbüslərinin əməli təcəssümünə hər vasitə ilə kömək göstərməyə hazırdır.
Heydər Əliyev dedi: Mən şadam ki, beynəlxalq təşkilatlarda Azərbaycanın fəaliyyəti hiss edilir. BMT, onun baş katibi cənab Butros Qali ilə əlaqələr, görüşlər öz müsbət rolunu oynamışdır. Prezident Çeçenistan hadisələri ilə əlaqədar yolların bağlanması nəticəsində Azərbaycanın humanitar yardıma indi daha böyük ehtiyacı olduğunu nəzərə çarpdırdı və dedi ki, buna görə də son vaxtlar BMT ilə əlaqələrimiz daha da fəallaşdırılmışdır. Heydər Əliyev BMT-nin Azərbaycana göstərdiyi qayğıya görə minnətdarlıq etdi və əmin olduğunu bildirdi ki, beynəlxalq birlik ölkəmizə öz köməyini bundan sonra da artıracaqdır.