BMT-NİN QLOBAL SAZİŞ TƏŞƏBBÜSÜNÜ AZƏRBAYCANDA TƏTBİQ ETMƏK ÜÇÜN XÜSUSİ LAYİHƏ HƏYATA KEÇİRİLƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, iyunun 24-də Bakı Dəniz Vağzalının konfrans zalında BMT-nin İnkişaf Proqramı (BMTİP) və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) BMT-nin Qlobal Saziş təşəbbüsünün Azərbaycanda həyata keçirilməsinə yardım etmək məqsədi ilə hazırlanmış layihənin təqdimatını keçirmişlər. Tədbirdə BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi, BMTİP-in rezident nümayəndəsi Bruno Pueza, “StatoilHydro” şirkətinin ölkə üzrə meneceri Kristian Hausken və AZPROMO-nun nümayəndəsi Anar Quliyev çıxış etmişlər. Bildirilmişdir ki, Qlobal Saziş (QS) özəl sektoru insan haqları, əmək, ətraf mühit və korrupsiya əleyhinə mübarizə sahəsində dünyada qəbul edilmiş on Korporativ Sosial Cavabdehlik prinsipinin öz biznes fəaliyyətində tətbiq edilməsi ilə sosial öhdəliklərin yerinə yetirilməsini təşviq edən BMT mexanizmidir. QS tamamilə könüllü təşəbbüsdür.
“StatoilHydro” şirkəti tərəfindən maliyyələşdirilən “Azərbaycanda Qlobal Saziş” layihəsinin məqsədi ölkədə fəaliyyət göstərən yerli və xarici şirkətlərə QS-ni təqdim etmək, yerli QS şəbəkəsinin yaradılmasına və yerli təşkilatların QS təşəbbüsünə qoşulmasına yardım göstərməkdir.
Ümumiyyətlə, layihə müxtəlif qurumlar arasında tərəfdaşlıq yaradılmasına, özəl sektor ilə dialoqun qurulmasına və bununla da yerli işgüzar dairələrin müasir biznes fəaliyyətində beynəlxalq standartlara cavab verməklə onların rəqabət qabiliyyətinin artırılmasına yardım edəcəkdir.
Tədbirdə həyata keçiriləcək layihənin prinsip və məqsədləri, layihə çərçivəsində nəzərdə tutulan tədbirlər barədə ətraflı məlumat verilmişdir.
Sonda mövzu ilə bağlı müzakirələr aparılmış, suallar cavablandırılmışdır.
######
