BMT QLOBAL PROBLEMLƏRİN HƏLLİ HESABINA 7 TRİLYON DOLLAR QAZANMAĞI TƏKLİF EDİR
Planın birinci bəndi ABŞ-ın Kioto protokoluna qoşulması və parnik qazlarını satmağa və almağa imkan verən qlobal sistem yaradılması hesabına bu qazların atmosferə atılmasını azaltmaqdan ibarətdir. Güman edildiyinə görə, bu layihənin həyata keçirilməsi nəticəsində götürüləcək xalis mənfəət 3,64 trilyon dollar olacaqdır.
İkincisi, planın müəllifləri ən yoxsul ölkələrin öz borclarını ödəmək üçün çəkilən xərcləri iqtisadiyyatlarının sabit işləyən sahələrindən götürülən gəlirlərlə həmin borcları ödəmək hesabına azaltmasını təklif edirlər. Bu, əlavə olaraq 2,9 trilyon dollar əldə etməyə imkan verəcəkdir. Daha 600 milyon dolları isə borclar üzrə ödənişləri ən yoxsul ölkələrin iqtisadi artım göstəriciləri ilə uyğunlaşdırmaq hesabına əldə etmək planlaşdırılır.
Bundan əlavə, planda epidemiya miqyasında yayılan öldürücü xəstəliklərə qarşı vaksinlər hazırlanması, habelə inkişafda olan ölkələrə kapital yatırılmasının stimullaşdırılması və “zəka axınları” ilə mübarizə tədbirləri də nəzərdə tutulur.
Düzdür, planın müəllifləri etiraf edirlər ki, onun razılaşdırılmasına illərlə vaxt gərəkdir.
Böyük Britaniyanın maliyyə naziri Qordon Braun təqdim olunan tövsiyələrin əsas tərəfdarlarından biridir. Onun fikrincə, planın gerçəkləşdirilməsi müxtəlif ölkələr üçün daha ədalətli şərtlərlə qlobal iqtisadiyyat yaratmağa və bu ölkələrin daha da inkişaf etməsinə nail olmağa imkan verəcəkdir.