DÜNYA
“BMW” şirkətinin gəliri təxminən 84 faiz azalıb
Bakı, 6 noyabr, AZƏRTAC
Almaniyanın “BMW” avtomobil istehsalçısının mənfəəti cari ilin üçüncü rübündə xeyli azalıb.
AZƏRTAC xəbər verir ki, şirkətin hesabatında qazancın təxminən 84 faiz azalaraq 476 milyon avroya endiyi bildirilir. Analitiklər tənəzzülü proqnozlaşdırsalar da, bundan daha az olacağını düşünürdülər.
“BMW” tənəzzülü Çin biznesində durğunluq, texniki tədbirlərə artan xərclər və istehsal olunan avtomobillərin əyləc sistemində qeydə alınan problemlərlə izah edib. Sentyabr ayında şirkət əyləc sistemində texniki nasazlıqlara görə 1,5 milyondan çox avtomobili geri çağırıb.
Qeyd edək ki, “BMW” son aylar mənfəətin azalması ilə mübarizə aparan yeganə avtomobil istehsalçısı deyil. “Mercedes-Benz” və “Audi” şirkətləri də gəlirlərində azalmalar barədə məlumat yayıblar. Alman avtomobil sənayesindəki böhran bir çox iş yerlərinin ixtisarına səbəb olur. Araşdırmaya görə, 2035-ci ilədək avtomobil sənayesində təxminən 140 min iş yeri itirilə bilər.