Bölgələrimizlə tanışlıq şagirdlərin dünyagörüşünün formalaşmasında mühüm rol oynayacaq
Salyan, 15 mart, Mahir Babayev, AZƏRTAC
“Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində növbəti maarifləndirici tur-aksiyanın Salyan rayonundan olan iştirakçıları martın 15-də Quba-Qusar-Xaçmaz marşrutu istiqamətində yola çıxıblar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonun rəhbər işçilərinin, müəllimlərin, valideynlərin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə şəhərdəki Heydər Əliyev parkında şagirdlərin yolasalma mərasimi keçirilib.
Tur-aksiya iştirakçıları parkda Ümummilli Liderin abidəsi önünə gül dəstələri düzərək dahi rəhbərin xatirəsini ehtiramla yad ediblər.
Qrup rəhbəri, rayon icra hakimiyyətinin əməkdaşı Məhərrəm Məmmədov bildirib ki, dövlətimizin başçısının tövsiyəsi ilə keçirilən tur-aksiyanın iştirakçıları - Salyan rayon ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri Quba şəhərinə yola düşürlər. Dörd gün davam edəcək aksiyanın iştirakçıları Quba, Qusar və Xaçmaz rayonlarının tarixi abidələri, görməli yerləri ilə yaxından tanış olacaqlar.
Mərasim başa çatdıqdan sonra tur-aksiya iştirakçıları onlar üçün ayrılmış avtobusla Quba şəhərinə yollanıblar.
X X X
Martın 15-də səhər saatlarında Şirvan Şəhər İcra Hakimiyyəti qarşısındakı meydanda şəhər rəhbərliyi və təhsil şöbəsinin məsul işçiləri, valideynlər “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasının Quba-Qusar-Xaçmaz marşrutunun iştirakçıları olan şirvanlı şagirdləri şimal bölgəsinə yola salıblar.
Yola düşməzdən əvvəl tur-aksiya iştirakçıları ulu öndər Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsi önünə gül dəstələri qoyub, xatirə şəkli çəkdiriblər. Sonra səfərə yollananlar məktəblilərin hazırladıqları ədəbi-bədii kompozisiyaya baxıb, onların ifa etdikləri mahnı və şeirləri dinləyib, idmançıların nümunəvi çıxışlarını seyr ediblər.
Qrup rəhbəri, şəhər icra hakimiyyətinin işçisi Rövzət Həsənov deyib: “Prezident İlham Əliyevin tövsiyəsinə əsasən təşkil olunan maarifləndirici tur-aksiyanın iştirakçıları - Şirvan şəhər ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri və onların müəllimləri dörd gün ərzində Quba-Qusar-Xaçmaz rayonlarının sosial-iqtisadi inkişafı ilə yaxından tanış olacaqlar. Səfər proqramımız olduqca zəngindir. İnanıram ki, məktəblilərimiz ölkənin şimal bölgəsinə səfərdən xoş təəssüratlarla qayıdacaqlar”.
Tur-aksiyada iştirak edən şəhər 16 nömrəli tam orta məktəbin X sinif şagirdi Vüqar Səmədov sevinc hissini belə ifadə edib: “Çox sevinirəm. İlk dəfədir ki, tur-aksiyada iştirak edirəm. Şimal bölgəsini görmək çoxdankı arzum idi. Artıq bu arzum reallığa çevrilib. Bizə bu imkanı Prezident İlham Əliyev yaradıb. Bu diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdaram”.
Sonra tur-aksiyada iştirak edən məktəblilər Quba-Qusar-Xaçmaz marşrutu üzrə yola düşüblər.
X X X
Martın 15-də səhər saatlarında Neftçala şəhərindəki Heydər Əliyev Mərkəzinin qarşısında da böyük izdiham vardı. Rayonun rəhbər işçiləri, müəllimlər, valideynlər və ictimaiyyət nümayəndələri “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində təşkil olunmuş maarifləndirici tur-aksiyanın Neftçaladan olan iştirakçılarını Quba, Qusar və Xaçmaz marşrutu üzrə yola salmaq üçün buraya toplaşmışdılar.
Tur-aksiya iştirakçıları - IX-XI sinif şagirdləri ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər. Sonra məktəblilər şəhərin Heydər Əliyev prospekti boyunca ağac və gül kolları əkiblər.
Qrupun rəhbəri, rayon icra hakimiyyətinin əməkdaşı Elnur Bağırov bildirib ki, Prezident İlham Əliyevin tövsiyəsinə əsasən ölkəmizdə növbəti dəfə keçirilən maarifləndirici tur-aksiyanın Neftçaladan olan iştirakçıları Quba, Qusar və Xaçmaz rayonlarının tarixi abidələri, sosial-iqtisadi inkişafı, görməli yerləri ilə yaxından tanış olacaqlar. Bölgələrimizlə tanışlıq şagirdlərin dünyagörüşünün formalaşmasında mühüm rol oynayacaq.
Tur-aksiyaya qoşulan şəhər 3 nömrəli tam orta məktəbin XI sinif şagirdləri Ləman Hüseynova, İlkanə İbrahimbəyli və başqaları layihənin təşkilindən razılıqlarını bildirərək, diqqət və qayğıya görə dövlətimizin başçısına təşəkkür ediblər.
Meydana toplaşanların xeyir-duası ilə avtobus Quba-Qusar- Xaçmaz marşrutu istiqamətində yola düşüb.
X X X
Martın 15-də səhər saatlarında Sabirabad şəhərindəki Heydər Əliyev parkında böyük izdiham yaşanırdı. Rayon icra hakimiyyəti və təhsil şöbəsinin məsul işçiləri, valideynlər “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasının Gəncə-Şəmkir-Göygöl marşrutunun iştirakçıları olan sabirabadlı şagirdləri yola salırdılar.
Yola düşməzdən əvvəl aksiya iştirakçıları Heydər Əliyev parkında ağac və gül kolları əkib, Heydər Əliyev Mərkəzindəki eksponatlarla tanış olublar.
Sabirabad şəhər 5 nömrəli tam orta məktəbin IX sinif şagirdi Gülnaz Əliyeva sevincini bölüşərək deyib: “Tur-aksiyada iştirak edəcəyimi eşidəndə çox sevindim. Azərbaycanın regionlarını gəzmək, şəhər və rayonların tarixi yerləri, mədəniyyət abidələri ilə tanış olmaq çoxdankı arzum idi. Artıq bu istəyim reallığa çevrilib. Bizə bu imkanı yaradan Prezidentimizə minnətdaram”.
Ulacalı kənd tam orta məktəbinin X sinif şagirdi Səbuhi Sadıqov söhbətə qoşularaq fikirlərini belə ifadə edib: “Bu gün Azərbaycanın dilbər guşələrindən olan Gəncə, Şəmkir və Göygölə yola düşürük. Sevincimiz hədsizdir. Ölkəmizin qədim tarixi, mədəniyyəti və incəsənəti barədə çox oxumuşam. Bu gün isə mənə bütün bunları görmək imkanı yaradılıb”.
Sonda Gəncə-Şəmkir-Göygöl marşrutu üzrə tur-aksiyada iştirak edən sabirabadlı məktəblilər yola düşüblər.
X X X
Martın 15-də “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində təşkil olunmuş tur-aksiyanın Saatlı rayonundan olan iştirakçıları - IX-XI sinif şagirdləri və onları müşayiət edən müəllimlər Gəncə-Şəmkir-Göygöl marşrutu üzrə yola çıxıblar.
İştirakçılar əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər. Sonra şagirdlər rayondakı Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətinin ayrı-ayrı məqamlarını əks etdirən fotoşəkil və sənədlərlə tanış olublar.
Qrup rəhbəri, rayon icra hakimiyyətinin əməkdaşı Anar Ağakişiyev deyib: “Ənənəvi olaraq ölkəmizdə məktəblilər üçün belə aksiya təşkil edilir. Maarifləndirici tur-aksiya təkcə regionlarla tanışlıq məqsədi daşımır. Səfər zamanı şagirdlər müxtəlif maraqlı tədbirlərdə iştirak etmək imkanı da əldə edəcəklər”.
Tur-aksiyanın digər iştirakçıları - Nərimankənd kənd tam orta məktəbinin X sinif şagirdi Səbuhi Rzayev, şəhər 4 nömrəli tam orta məktəbin IX sinif şagirdi Gülbikə Balaşova və başqaları ekskursiyanın təşkilindən razılıqlarını bildirib, səfərdən zəngin təəssüratla qayıdacaqlarına əminliklərini ifadə ediblər.
Valideyn Nazim Salahov ürək sözlərini belə ifadə edib: “Dövlətimizin başçısı gələcəyimiz olan uşaqlara xüsusi qayğı göstərir. Hər yerdə yeni məktəblər, uşaq bağçaları, idman kompleksləri tikilib istifadəyə verilir. Bu tur-aksiya həmin qayğının daha bir təzahürüdür. Övladımın da bu aksiyada iştirak etməsindən çox məmnunam”.
Sonra məktəblilər xüsusi avtobusla yola salınıb.
Saatlıdan olan 40 məktəbli və 5 müəllim dörd gün ərzində Gəncə şəhər, Şəmkir və Göygöl rayonlarını gəzəcək, bu məkanlarla yaxından tanış olacaqlar.