Bölmələrin qış mövsümünə hazırlığı yoxlanılır
Bakı, 24 oktyabr, AZƏRTAC
Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinin bir qrup zabiti cəbhəboyu zonada yerləşən, dağlıq və sərt iqlim şəraitində tapşırıqları icra edən bölmələrin qış mövsümünə hazırlığını yoxlayır.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bölmələrin qışa hazırlığının vəziyyəti, şəxsi heyətin qış mövsümü normalarına uyğun təminatı, əsgər yataqxanalarının və müxtəlif təyinatlı digər hərbi obyektlərin isitmə sistemləri ilə təchiz edilməsi general-mayor Qədir Nəsibovun rəhbərliyi ilə yoxlanılır.
Silah və texnikanın qış dövründə fasiləsiz və dayanıqlı istismarını təmin etmək məqsədilə bütün hərbi hissələrin mərkəzləşdirilmiş qaydada yanacaq-sürtkü materialları, digər zəruri ehtiyat hissələri və avadanlıqla təchiz edilməsi, həmçinin onlara planlı şəkildə qulluq göstərilməsinin səviyyəsi də nəzarətdə saxlanılır.