Bolqarıstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun yeni üzvləri ilə görüş keçirilib
Sofiya, 10 iyun, AZƏRTAC
İyunun 10-da Bolqarıstan parlamentində Azərbaycanın bu ölkədəki səfiri Emil Kərimov ilə Bolqarıstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun yeni seçilmiş sədri və üzvləri arasında görüş keçirilib.
Görüşdə dostluq qrupunun Bolqarıstan tərəfdən sədri Korman İsmayılov bu qrupun Bolqarıstan parlamentində ən böyük dostluq qruplarından biri olduğunu diqqətə çatdırıb. Üzvlərinin sayı 31 olan qrupun tərkibində sabiq nazirlərin, vitse-spikerlərin olduğu bildirilib. Sonra o, qrupun üzvlərini təqdim edib. Deputatlar Azərbaycanla Bolqarıstan arasında mövcud əlaqələri yüksək qiymətləndirib, münasibətlərin bu ruhda da davam edəcəyinə əmin olduqlarını bildiriblər. E.Kərimov Azərbaycanla Bolqarıstan arasında dostluq münasibətlərindən danışaraq bu münasibətlərin əsasının 1995-ci ildə ümummilli lider Heydər Əliyevin Bolqarıstan Prezidenti Jelyu Jelevin dəvəti əsasında bu ölkəyə səfəri ilə qoyulduğunu qeyd edib. Bundan əlavə, bu il martın 3-5-də Azərbaycan Prezidenti İlham Əliyevin Bolqarıstana rəsmi səfərini xatırladan diplomat səfər zamanı iki ölkə arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalandığını diqqətə çatdırıb. Məhz bu bəyannamə ilə münasibətlərin yeni səviyyəyə qalxdığı vurğulanıb.
Səfir ölkələrimiz arasında energetika ilə yanaşı, kənd təsərrüfatı, yüngül sənaye, turizm, idman və mədəniyyət sahələrində əlaqələrin daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu qeyd edib. E. Kərimov əlaqələrin inkişafında parlamentlərin rolundan danışıb, bu münasibətlərin Azərbaycan-Bolqarıstan əməkdaşlığının inkişafına müsbət töhfələr verəcəyini qeyd edib. Bundan əlavə, səfir ölkəmizin son illər ərzində sürətli inkişafından, əldə edilən nailiyyətlərdən bəhs edərək Azərbaycanın regionda lider dövlətə çevrildiyini vurğulayıb. O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verərək münaqişənin həll olunmamasının təkcə Azərbaycan üçün yox, bütün region üçün təhlükə olduğunu qeyd edib.
K.İsmayılov Bolqarıstanın münaqişənin tezliklə sülh yolu ilə həllinə tərəfdar olduğunu, həm ikitərəfli əsasda, həm də beynəlxalq təşkilatlar çərçivəsində bu sahədə Azərbaycanı dəstəkləməyə hazır olduğunu bildirib.
E.Kərimov Bakıda keçiriləcək Avropa Oyunları barədə məlumat verib, Bolqarıstandan iştirak edəcək idmançılara uğurlar arzulayıb. O, parlamentlərarası əlaqələrin daha da genişləndirilməsində səfirliyin səylərini davam etdirəcəyini bildirib. Sonda səfir dostluq qrupunun üzvlərinə ölkəmiz, o cümlədən Dağlıq Qarabağ münaqişəsi barədə kitablar, həmçinin səfirliyin təşəbbüsü ilə Bolqarıstanda hazırlanmış və Avropa Oyunlarına həsr olunan müxtəlif suvenirlər və xatirə hədiyyələri təqdim edib.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Sofiya