BOLQARISTAN FOND BİRJASI İLƏ ƏMƏKDAŞLIQ VƏ TƏRƏFDAŞLIQ HAQQINDA SAZİŞ İMZALANMIŞDIR
Sənəddə iki ölkənin maliyyə bazarlarını inkişaf etdirmək məqsədi ilə birjaların sıx əməkdaşlığı, habelə birja əməliyyatlarında risklərin idarə olunması sahəsində fəal təcrübə mübadiləsi nəzərdə tutulur. Bundan əlavə, BBVB və BFB Avrasiya Fond Birjaları Federasiyası və üzvü olduqları digər beynəlxalq peşəkar birliklər çərçivəsində birgə tədbirlər həyata keçirmək niyyətindədirlər. Sazişin bəzi bəndləri Azərbaycanın və Bolqarıstanın maliyyə bazarlarının inkişafı barədə müntəzəm informasiya mübadiləsinə aiddir. Məsələn, maliyyə xidmətləri bazarının müxtəlif seqmentlərinin vəziyyətinin monitorinqi keçiriləcək, təhlil aparılacaqdır. Birjaların rəhbərləri hərrac, hesablama və informasiya sistemlərinin təşkili sahəsində təcrübə mübadiləsinin aparılmasını da faydalı hesab etmişlər.
Sazişə əsasən, təcrübə və informasiya mübadiləsi aparmaq məqsədi ilə BBFB və BFB mütəxəssisləri üçün ikitərəfli məşğələ kursları və təhsil proqramları təşkil olunacaqdır.