Bolqarıstanda Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib
Sofiya, 20 iyun, AZƏRTAC
Azərbaycanın Bolqarıstandakı səfirliyində Milli Qurtuluş Günü münasibətilə Bolqarıstanda yaşayan Azərbaycan icmasının üzvlərinin iştirakı ilə tədbir təşkil olunub.
AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə açan Azərbaycanın Bolqarıstandakı səfiri Elmar Məmmədov xalqın tələbi ilə Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışının ölkənin müasir tarixində dönüş nöqtəsi olduğunu bildirib. Səfir qeyd edib ki, Milli Qurtuluş Günü Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılması, ictimai-siyasi sabitliyin bərqərar olunması və ölkənin davamlı inkişaf yoluna qədəm qoyması baxımından müstəsna əhəmiyyətə malikdir. O, Ümummilli Liderin müəyyən etdiyi dövlətçilik kursunun bu gün də Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini vurğulayıb. Tədbirdə, həmçinin Prezident İlham Əliyevin rəhbərliyi altında Müzəffər Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfər barədə məlumat verilib və 30 ilə yaxın bir müddət ərzində icrasız qalmış BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin icrasının Azərbaycan tərəfindən təmin edildiyi və beynəlxalq hüququn bərpa edildiyi bildirilib. Səfirlikdə yenicə istifadəyə verilən və işğaldan azad edilən Azərbaycanın mədəni paytaxtı olan Şuşanın adını daşıyan zalda ötən ay Ulu Öndərin anadan olmasına həsr edilən ilk tədbirin, hazırda isə Milli Qurtuluş Gününə həsr edilən ikinci tədbirin təşkilinin böyük simvolik mənası vurğulanıb.
Tədbirdə Bolqarıstanda yaşayan Azərbaycan icmasının üzvü Sabir Quliyev Milli Qurtuluş Gününün Azərbaycan xalqının taleyində mühüm rolundan bəhs edərək, Ümummilli Lider Heydər Əliyevin dövlətçilik irsinin əhəmiyyətini vurğulayıb. Çıxışlarda milli birliyin qorunmasının, dövlətçiliyin möhkəmləndirilməsinin və xaricdə yaşayan soydaşlarımızın Azərbaycan həqiqətlərinin təbliği istiqamətində fəaliyyətinin vacibliyi qeyd olunub.
Səmimi və qarşılıqlı fikir mübadiləsi şəraitində keçən tədbirdə iştirakçılar Milli Qurtuluş Gününün Azərbaycan dövlətçiliyinin tarixində xüsusi yer tutduğunu bildirərək, bu əlamətdar gün münasibətilə təbriklərini ifadə ediblər. Tədbir iştirakçıları Azərbaycanın əldə etdiyi nailiyyətlərdən məmnunluqlarını bildirərək, ölkəmizin bundan sonra da davamlı inkişaf və tərəqqi yolunda yeni uğurlara imza atacağına əminliklərini ifadə ediblər.