Bolqarıstanda turistləri daşıyan avtobusun qəzaya uğraması nəticəsində 46 nəfər həlak olub
Sofiya, 23 noyabr, AZƏRTAC
Bolqarıstanda çoxsaylı insan tələfatı ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Şimali Makedoniyadan gələn turist avtobusu Bolqarıstanın Struma şosesində qəzaya uğrayıb və yanıb.
BGNES agentliyinin hadisə yerindən verdiyi məlumata görə, hadisə nəticəsində 12-si uşaq olmaqla 46 nəfər həlak olub. Bundan başqa, 2-si qadın olmaqla 7 nəfər xəsarət alıb. Onlar xəstəxanaya yerləşdiriliblər.
Xəstəxananın şöbə müdiri Maya Argirova bildirib ki, zərərçəkənlərin üz və yuxarı tənəffüs yollarında yanıq, kəsilmiş-deşilmiş, bir nəfərdə isə sınıq xəsarətləri var. Onun sözlərinə görə, sərnişinlər avtobusdan tullanarkən xəsarət alıblar.
Yanğınsöndürmə idarəsinin rəisi Nikola Nikolovun sözlərinə görə, hadisə Struma şosesinin 31-ci kilometrliyində baş verib. Hadisə yerində istintaq tədbirləri davam etdirilir.
Bolqarıstan hakimiyyəti qəzanın sürücünün yuxuya getməsi, yolun yaş olması və ya avtobusda texniki nasazlıq səbəbindən baş verə biləcəyi ehtimallarından baş verə biləcəyini bildiriblər.
Qeyd edək ki, qəzanın qurbanları Şimali Makedoniya vətəndaşları olublar.
Yol İnfrastruktur Agentliyindən bildirilib ki, qəza ilə əlaqədar Daskalovo qovşağından Dolna-Dikanya qovşağına qədər olan avtomobil yolunda hər iki istiqamətdə avtomobillərin hərəkəti məhdudlaşdırılıb.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Sofiya