İstanbulda Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətlərindən bəhs olunub
İstanbul, 15 iyun, AZƏRTAC
Türkiyənin İstanbul şəhərində “15 İyun-Milli Qurtuluş Günü və müasir Azərbaycan Ordusunun qurulmasında Ümummilli Lider Heydər Əliyevin tarixi rolu” mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, Türkiyənn istefada olan kontr-admiralı, professor Cihat Yaycının təsisçisi olduğu Türk Dənizçilik və Qlobal Strategiyalar Mərkəzində (Türk DEGS) təşkil edilən tədbirdə Avrasiya Türk Dərnəkləri Federasiyasının sədri İsmayıl Cengiz, Böyük Birlik Partiyasının Fatih rayon təşkilatının sədri Eyüp Ertal, Türkiyə Sənayeçi İş Adamları Birliyinin (TÜRSİP) sədri İsmayıl Aktaş, Osmanlı Turan Federasiyasının sədri Şahin Çelik, Topkapı Universitetinin akademik heyəti, eləcə də müxtəlif qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.
Türkiyənin və Azərbaycanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayan konfransda hər iki ölkənin şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransda çıxış edən Cihat Yaycı bildirib ki, Ulu Öndər Heydər Əliyevin uzaqgörən və qətiyyətli dövlətçilik siyasəti sayəsində Azərbaycan parçalanmaq təhlükəsindən xilas olub. O, həmçinin müasir Azərbaycan Ordusunun formalaşması prosesində həyata keçirilən uğurlu siyasətləri yüksək qiymətləndirib. Cihat Yaycı, eyni zamanda, Azərbaycanın Türkiyə ilə birgə həyata keçirdiyi siyasi yolu və xüsusilə Şimali Kipr Türk Respublikası məsələsində nümayiş olunan prinsipial mövqeyi yüksək dəyərləndirib. O. iki qardaş ölkə arasındakı əlaqələrin artıq “Bir millət, tək dövlət, tək ordu” anlayışı səviyyəsinə yüksəldiyini də qeyd edib.
Çıxışlarda Ümummilli Lider Heydər Əliyevin müasir Azərbaycan dövlətçiliyinin formalaşmasındakı tarixi rolu və Azərbaycan-Türkiyə qardaşlığının strateji əhəmiyyəti vurğulanıb.
Sonra Türk DEGS-in Qafqaz təhlükəsizliyi üzrə eksperti, Qarabağ müharibəsi veteranı, ehtiyatda olan polkovnik Akif Qasımovun mövzu ilə bağlı məruzəsi dinlənilib.
O, məruzəsində 1991–1993-cü illərdə Azərbaycanda yaşanan siyasi böhran dövrünü, Ümummilli Lider Heydər Əliyevin ölkəni bu böhrandan çıxararaq sabit və güclü dövlətə çevirməsini, iqtisadi və diplomatik uğurlarını, ordunun qurulmasındakı rolunu və Türkiyə ilə inkişaf etdirilən strateji tərəfdaşlığı iştirakçıların diqqətinə çatdırıb.
Akif Qasımov çıxışında Prezident İlham Əliyevin müasir Azərbaycan Ordusunun inkişafındakı xidmətlərini xüsusi vurğulayaraq, Ümummilli Lider Heydər Əliyevin siyasi irsinin uğurla davam etdirildiyini bildirib. O, 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində qazanılan şanlı Zəfərin və 2021-ci il iyunun 15-də imzalanan Şuşa Bəyannaməsinin Azərbaycan və Türkiyə prezidentlərinin liderliyi ilə Türk dünyası tarixində mühüm dönüş nöqtələrindən biri olduğunu qeyd edib.
Konfrans çərçivəsində Ümummilli Lider Heydər Əliyevin Milli Qurtuluş prosesindəki fəaliyyətlərini və 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Zəfəri əks etdirən videoçarxlar nümayiş olunub.