Nargiza Miralimova: Logistika sahəsində qadın liderliyinin inkişafı regional əməkdaşlığın möhkəmlənməsinə töhfə verir
Daşkənd, 15 iyun, AZƏRTAC
Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrində beynəlxalq ticarətin və iqtisadi inteqrasiyanın inkişafında nəqliyyat və logistika bu gün əsas amillərdən biri hesab olunur.
AZƏRTAC xəbər verir ki, bunu Özbəkistanda “Women in TLP” platformasının rəsmi fəaliyyətə başlamasına həsr olunmuş tədbirdə çıxış edən Logistika Mərkəzləri və Daşıyıcılar Alyansının İdarə Heyətinin sədri Nargiza Miralimova deyib.
Onun sözlərinə görə, insan kapitalından səmərəli istifadə olunmadan, o cümlədən qadınların idarəetmə və strateji qərarların qəbulunda daha fəal iştirakı təmin edilmədən bu sahənin dayanıqlı inkişafına nail olmaq mümkün deyil.
“Qadınların peşəkar inkişafı üçün şərait yaradılması, onların nəqliyyat-logistika sahəsində və beynəlxalq ticarətdə iştirakının genişləndirilməsi müasir iqtisadiyyatın və regionun dayanıqlı inkişafının mühüm tərkib hissəsinə çevrilir”, – deyə o vurğulayıb.
“Women in TLP” təşəbbüsünün Özbəkistanda fəaliyyətə başlamasından danışan alyansın rəhbəri bildirib ki, layihə müxtəlif ölkələrin mütəxəssisləri arasında təcrübə, peşəkar bilik və qabaqcıl yanaşmaların paylaşılması üçün platforma yaradır, eyni zamanda, beynəlxalq əməkdaşlığın inkişafına töhfə verir.
O, peşəkar təşkilatlar və bu sahədəki birliklər arasında əməkdaşlığın əhəmiyyətinə xüsusi diqqət çəkərək qeyd edib ki, belə tərəfdaşlıq formatları təhsil proqramlarının inkişafı, kadrların ixtisasının artırılması və logistika ilə nəqliyyat sahəsində müasir bacarıqların formalaşdırılması üçün əlavə imkanlar açır.
Miralimovanın fikrincə, Mərkəzi Asiya ölkələri ilə Türk dünyası arasında əməkdaşlığın möhkəmlənməsi regional inteqrasiyanın inkişafına, işgüzar əlaqələrin genişlənməsinə və daha dayanıqlı, rəqabətqabiliyyətli nəqliyyat-logistika sisteminin formalaşmasına şərait yaradır.
O bildirib ki, bu cür təşəbbüslərin gələcəkdə də bilik mübadiləsinin genişlənməsinə, peşəkar birliyin inkişafına və nəqliyyat-logistika sahəsində gələcək qadın liderlər üçün yeni imkanların yaradılmasına töhfə verəcəyinə əmindir.
Müxbir – Tamilla Məmmədova