Janna Aydarova: Orta Dəhlizin gələcəyi Qazaxıstanla Azərbaycanın əməkdaşlığından asılıdır
Daşkənd, 15 iyun, AZƏRTAC
“Women in TLP” platforması Orta Dəhlizin (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) inkişafı çərçivəsində Qazaxıstanla Azərbaycan arasında əməkdaşlığın möhkəmlənməsində mühüm vasitəyə çevrilə bilər.
Bunu AZƏRTAC-a “Women in TLP” platformasının Qazaxıstan üzrə ölkə direktoru Janna Aydarova deyib.
Onun sözlərinə görə, “Women in TLP” nəqliyyat, logistika və beynəlxalq ticarət sahəsində çalışan mütəxəssisləri bir araya gətirərək, region ölkələri arasında təcrübə, bilik mübadiləsi və praktik həllərin paylaşılması üçün əlverişli mühit yaradır.
“Qazaxıstanı və Azərbaycanı yalnız Xəzər dənizi deyil, həm də Asiya ilə Avropa arasında əsas marşrutlardan biri kimi Orta Dəhlizin inkişafı istiqamətində ortaq strateji məqsəd birləşdirir. Məhz buna görə də peşəkar əlaqələrin möhkəmləndirilməsi, təcrübə mübadiləsi, birgə həll yollarının axtarılması və uzunmüddətli tərəfdaşlığın qurulması böyük əhəmiyyət daşıyır”, – deyə Aydarova bildirib.
O vurğulayıb ki, “Women in TLP” beynəlxalq dialoq, təhsil təşəbbüsləri, peşəkar əlaqələrin genişləndirilməsi və nəqliyyat-logistika sahəsinin səmərəliliyinin artırılmasına töhfə verə biləcək yeni işgüzar münasibətlərin inkişafı üçün açıq platformadır.
Qeyri-sabit qlobal vəziyyət fonunda Orta Dəhlizin perspektivlərindən danışan ölkə direktoru qeyd edib ki, hazırda bazardakı iştirakçılar üçün təkcə daşınma xərcləri deyil, həm də proseslərin şəffaflığı, logistikanın proqnozlaşdırıla bilməsi, tərəfdaşlar arasında etimad və təchizatın təhlükəsizliyi kimi amillər ön plana çıxır.
“Bu gün biznes üçün sabit və aydın fəaliyyət qaydaları lazımdır. Mən Orta Dəhlizin gələcəyini maksimum şəffaflıqda, qarşılıqlı etimadda və Qazaxıstanla Azərbaycanın sıx əməkdaşlığında görürəm. Məhz bu prinsiplər marşrutu Avrasiyanın ən etibarlı və rəqabətqabiliyyətli nəqliyyat xətlərindən birinə çevirə bilər”, – deyə o vurğulayıb.
Aydarovanın fikrincə, Orta Dəhliz boyunca yerləşən ölkələr arasında tərəfdaşlığın daha da inkişaf etdirilməsi regional inteqrasiyanın möhkəmlənməsinə, beynəlxalq ticarətin genişlənməsinə və bütövlükdə Xəzər regionunun tranzit potensialının artırılmasına şərait yaradacaq.
Müxbir – Tamilla Məmmədova