Şəlalə Kamilova: İqtisadiyyatın strateji əhəmiyyətli sahələrində qadınların iştirakının genişləndirilməsi xüsusi aktuallıq kəsb edir
Daşkənd, 15 iyun, AZƏRTAC
Mərkəzi Asiyada və Cənubi Qafqazda nəqliyyat dəhlizlərinin inkişafı və regional əməkdaşlığın genişlənməsi ticarət, nəqliyyat və logistika sahələrində qadınların daha fəal iştirak etməsi üçün yeni imkanlar yaradır.
AZƏRTAC xəbər verir ki, bunu Özbəkistanda “Women in TLP” platformasının rəsmi fəaliyyətə başlaması münasibətilə keçirilən mərasimdə videokonfrans formatında çıxış edən CIPE-nin Avropa və Mərkəzi Asiya üzrə proqram meneceri Şəlalə Kamilova deyib.
Onun sözlərinə görə, son illər region beynəlxalq nəqliyyat və ticarət marşrutlarının mühüm həlqəsinə çevrilib ki, bu da ixtisaslı kadrların cəlb olunmasını və qərarların qəbulunda qadınların daha geniş təmsil olunmasını zəruri edir.
Şəlalə Kamilova vurğulayıb ki, müsbət dəyişikliklərə baxmayaraq, qadınlar nəqliyyat və logistika ilə əlaqəli şirkətlərin rəhbərliyində və peşəkar birliklərdə hələ də kifayət qədər təmsil olunmurlar. Halbuki onların iştirakının genişlənməsi idarəetmənin səmərəliliyini artıracaq və bu sahədə innovativ yanaşmaların inkişafına töhfə verəcək.
O, həmçinin Mərkəzi Asiya ilə Cənubi Qafqaz ölkələri arasında peşəkar əlaqələrin möhkəmləndirilməsinin əhəmiyyətinə diqqət çəkib. Onun sözlərinə görə, təcrübə mübadiləsi, birgə təşəbbüslər və regional peşəkar şəbəkələrin inkişafı vahid əməkdaşlıq məkanının formalaşmasına kömək edir və insan kapitalının inkişafı üçün əlavə imkanlar yaradır.
Şəlalə Kamilova qeyd edib ki, beynəlxalq ticarətin genişləndiyi və nəqliyyat əlaqələrinin daha da gücləndiyi şəraitdə regional tərəfdaşlıq dayanıqlı iqtisadi artımın əsas amillərindən birinə çevrilir. Bu baxımdan iqtisadiyyatın strateji əhəmiyyətli sahələrində qadınların iştirakının genişləndirilməsi xüsusi aktuallıq kəsb edir. Onun fikrincə, ticarət, nəqliyyat və logistika sahələrində qadınların rolunun gücləndirilməsi region ölkələri arasında iqtisadi əlaqələrin möhkəmlənməsinə və onların beynəlxalq rəqabət qabiliyyətinin artmasına töhfə verəcək.
“Women in Trade Logistics Partnership” (Women in TLP) Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrində ticarət, nəqliyyat və logistika sahələrində çalışan qadınları bir araya gətirən regional peşəkar platformadır. Təşəbbüs qadın liderliyinin inkişafına, peşəkar əməkdaşlığın genişləndirilməsinə və nəqliyyat-logistika sahəsində beynəlxalq təcrübə mübadiləsinin təşviqinə yönəlib.
Son illərdə “Women in TLP” Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrində fəaliyyətini fəal şəkildə genişləndirir. Platforma, həmçinin nəqliyyat dəhlizlərinin inkişafı, logistikanın rəqəmsallaşdırılması və beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsinə həsr olunan beynəlxalq forumlarda və ekspert müzakirələrində iştirak edir, qadınların qərarların qəbulunda və sahənin inkişafında daha geniş təmsil olunmasını təşviq edir.
Müxbir – Tamilla Məmmədova