Boston azərbaycanlıları ilə görüş keçirilib
Bakı, 26 sentyabr, AZƏRTAC
Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) nümayəndə heyəti ABŞ-a səfər çərçivəsində Boston şəhərində yaşayan soydaşlarımızla görüş keçirib.
DİDK-dən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə komitə sədrinin birinci müavini Valeh Hacıyev və digər məsul şəxslər, Bostondakı diaspor təşkilatlarının nümayəndələri, ABŞ-ın məşhur universitetlərində, o cümlədən Harvard Universitetində təhsil alan gənclərimiz iştirak ediblər.
Görüş komitənin son dövrdəki fəaliyyətini əks etdirən videoçarxın və Azərbaycan Diasporuna Dəstək Fondunun tanıtım çarxının nümayişi ilə başlayıb. Azərbaycan Diasporuna Dəstək Fondunun təqdimatı zamanı quruma hansı layihələrlə müraciət edilməsinin mümkünlüyü barədə ətraflı məlumat verilib.
Soydaşlarımız Bostonda bu qədər azərbaycanlının bir araya gəlməsinin ilk dəfə baş verdiyini vurğulayıb, görüşə görə komitəyə təşəkkür ediblər. Onlar bu addımı həmyerlilərimizin şəbəkələşməsi və təşkilatlanması üçün atılan ən mühüm addım kimi dəyərləndiriblər.
Komitə rəhbərliyi Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə və ABŞ cəmiyyətinə çatdırılmasında soydaşlarımızın rolundan danışaraq bu istiqamətdəki fəaliyyətin əhəmiyyətini vurğulayıblar.
Tədbir qarşılıqlı fikir mübadiləsinin aparılması və sualların cavablandırılması ilə yekunlaşıb.