“Boutique-Baku” jurnalının nəşrə başlamasının beş ili tamam olmuşdur
Bakı, 17 oktyabr (AZƏRTAC). “Boutique-Baku” jurnalı dəb aləmi ilə yanaşı, üslub və zərifliyi qiymətləndirən insanlar üçün də nəzərdə tutulmuş dərgidir.
AZƏRTAC xəbər verir ki, bu sözləri oktyabrın 17-də “Hilton Baku” otelində mədəniyyət və müxtəlif sahələri əhatə edən “Boutique-Baku” jurnalının nəşrə başlamasının 5 illiyinə həsr olunmuş mətbuat konfransında jurnalın baş redaktoru Lina Əliyeva söyləmişdir.
Bildirilmişdir ki, jurnal dünyadakı tendensiyaları nəzərdən qaçırmır. “Boutique-Baku” jurnalınıda dəb aləmi, xarici ölkələrin tanınmış brendləri, müxtəlif yüksək keyfiyyətli məhsulların təqdimatı geniş şəkildə işıqlandırılır. Jurnal, həmçinin oxucuları tanınmış brendlərin tarixi və məhsulları ilə ətraflı tanış edir, zərgərlik məhsulları, paytaxtın dəb butiklərinin yeni kolleksiyalarından da bəhs edir.
Vurğulanmışdır ki, “Boutique-Baku” jurnalının əsas istiqamətləri avtomobil, yaxta, mehmanxana, spa, səyahət, kulinariya və s. rubrikalarında öz əksini tapmışdır.
Qeyd edilmişdir ki, bu gün jurnalın elektron versiyası-“Boutique.az” saytının fəaliyyətə başlamasının da bir ili tamam olur. Sayta jurnalın ən çox sevilən məqalələri ilə yanaşı, bir sıra layihələr -dəb, incəsənət, kino və musiqi aləminin mütəxəssisləri ilə müsahibələr də daxil edilmişdir.
Mətbuat konfransında jurnal ilə bağlı videoçarx nümayiş etdirilmişdir.
Sonda iştirakçılara jurnalın yubiley münasibətilə hazırlanmış xüsusi buraxılışı təqdim olunmuşdur.