CƏMİYYƏT
Böyük Şor stansiyasının ərazisində əl qumbarası aşkarlanıb
Bakı, 22 may, AZƏRTAC
Mayın 22-də saat 15:37-də Daxili İşlər Nazirliyinin (DİN) “102 Zəng Mərkəzi” Xidmətindən və saat 16:12-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Nizami rayonunda əl qumbarasının tapılması barədə məlumat daxil olub.
ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, məlumatlara əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Sabunçu Xətt Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Qurumun mütəxəssisləri və DİN-in Nəqliyyatda Baş Polis İdarəsinin Sabunçu Xətt Polis Şöbəsinin əməkdaşları Böyük Şor stansiyasının ərazisinə baxış keçiriblər. Aparılan təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində bir ədəd F-1 əl qumbarası aşkarlanıb. Həmin sursat zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Qumbaranın tapıldığı yerin ətrafında 1500 kvadratmetr əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.
Yanvarın 1-dən mayın 22-dək ANAMA tərəfindən 3509 ədəd partlamamış hərbi sursat, 73 kiloqram partlayıcı maddə, piyada əleyhinə bir, tank əleyhinə üç mina aşkarlanaraq zərərsizləşdirilib. Bu müddətdə 84 min 65 kvadratmetr ərazi yoxlanılıb.